Naxçıvanda keçirilən “Nə? Harada? Nə zaman?” intellektual oyunu Vətən müharibəsinə həsr edilib

Naxçıvanda keçirilən “Nə? Harada? Nə zaman?” intellektual oyunu Vətən müharibəsinə həsr edilib

”İNFONEWS” xəbər verir.

Naxçıvan şəhərində yerləşən Heydər Əliyev adına Hərbi Liseydə “Zəfərə gedən yol və 44 günlük müharibə” devizi altında “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən  bildirilib ki, əvvəlcə nazirliyin əməkdaşı Sənan Bədəlov çıxış edərək Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərdən danışıb. Deyib ki, qazanılan şanlı Qələbə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, böyük siyasi iradəsi, əsgər və zabitlərimizin şücaəti, gənclərimizin hər şeydən üstün tutduğu Vətən sevgisi ilə qazanıldı. Azərbaycan Ordusunun yüksək döyüş bacarığı sayəsində 30 illik həsrətimiz bitdi, haqq mübarizəmizdə layiqli qələbə əldə etdik. Bir zamanlar silahsız və köməksiz mülki əhaliyə divan tutan dırnaqarası “yenilməz erməni ordusu” mifi cəmi 44 gün ərzində məhv edildi. Xalqımızın mədəniyyət və mənəviyyat mərkəzi sayılan Şuşa azad olundu.

Qeyd olunub ki, yarışmanı keçirməkdə əsas məqsəd kursantların dünyagörüşünün, zehni inkişafının stimullaşdırılması, Vətən müharibəsi haqqında biliklərinin artırılması, müharibə qəhrəmanlarını daha yaxından tanımalarının təmin edilməsidir.

Kursantlarından ibarət 8 komandanın iştirak etdiyi oyunda II Qarabağ müharibəsini ilə bağlı 24 sual səsləndirilib. Hər düzgün cavab 1 xalla qiymətləndirilib. Nəticələrə əsasən, “Qarabağ” komandası 20 xalla qalibiyyət əldə edib. “Aslanlar” 19 xalla ikinci, “Mübariz” isə 18 xalla üçüncü pillədə qərarlaşıb.

Qalib komandalar təşkilatçılar tərəfindən kubok, diplom, fəxri fərman, oxunması zəruri kitablar və dünya ədəbiyyatı nümunələri ilə mükafatlandırılıblar.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir