2020-ci ilin 1 iyun tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov “İqtisadiyyat və idaretmə”, “Pedaqoji” və “Mühəndlislik” fakültələrinin tələbələri ilə silsilə görüşlər keçirib.
“Microsoft Teams” platforması üzərindən onlayn formatda keçirilən görüşlərdə rektor, ilk növbədə, MDU-da 2020/2021-ci tədris ilinin yaz semestrinin uğurla başa çatması münasibətilə tələbələri təbrik edib.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq dəstəyi ilə məsafədən keçirilən təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində universitetdə həyata keçirilən kompleks tədbirlərdən söhbət açan Ş.Bayramov sosial həssaslığın yüksək olduğu pandemiya şəraitində tələbələrin göstərmiş olduğu həmrəyliyi və fəallığı yüksək qiymətləndirib.
İmtahan sessiyası ərəfəsində tələbələrlə keçirilən ənənəvi görüşlərin əhəmiyyətindən danışan rektor hazırda universitet rəhbərliyi ilə təhsilalanlar arasında çevik kommunikasiyanın qurulması üçün bütün mümkün onlayn resurslardan və alətlərdən istifadə edildiyini diqqətə çatdırıb.
Cari yaz semestrində imtahanların təşkili və keçirilməsi qaydaları haqqında ətraflı məlumat verən Ş.Bayramov tədrisin məsafədən təşkili, elektron tədris resursları ilə təminat, imtahanlara hazırlıq və digər məsələlərdə tələbələr üçün yaradılan müvafiq imkanlardan bəhs edib.
Biliyin qiymətləndirilməsinin obyektiv, şəffaf və xüsusi həssaslıqla həyata keçiriləcəyini vurğulayan rektor tələbələri imtahanlara ciddi hazırlaşmağa, yüksək nəticələri ilə müəllimlərini və valideynlərini sevindirməyə çağırıb.
Eyni zamanda, mövcud pandemiya şəraitində həm COVID-19 infeksiyasına qarşı vaksinasiya prosesində, həm də həyata keçirilən müvafiq təbliğat və maarifləndirmə tədbirlərində yüksək fəallıq göstərdiklərinə görə MDU tələbələrinə təşəkkürünü bildirən Ş.Bayramov imtahan sessiyasında onlara uğurlar arzulayıb.
Görüşlərdə yaradılan şəraitə və göstərilən diqqətə görə MDU rəhbərliyinə təşəkkür bildirilib və cari imahan sessiyasının uğurla başa vurulacağına əminlik ifadə edilib.
Qeyd edək ki, MDU-da imtahan sessiyasına hazırlıq səviyyəsinin yüksəldilməsi, imtahanların tələbə və müəllim məmnunluğu şəraitində keçirilməsinin təmin edilməsi məqsədilə hər semestrin sonunda, ənənəvi olaraq, universitetin akademik heyət üzvləri, tələbə və magistrantları ilə silsilə görüşlər keçirilir.