Ədəbiyyatdan namələr: “Multikultural ənənələr”-Dördüncü namə

Ədəbiyyatdan namələr: “Multikultural ənənələr”-Dördüncü namə

“İNFONEWS” – un növbəti Ədəbiyyatdan namələr” layihəsini davam edir.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Azərbaycan dili” kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru, “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi”, “Heydər zirvəsi” medalı və “Xarıbülbül” mükafatları laureatı, beynəlxalq dilçi-turkoloq ekspert Aynur Qədimaliyeva təqdim edir:

Dördüncü namə

XV ƏSR AZƏRBAYCAN ƏDƏBİ-BƏDİİ DİL QAYNAQLARINDA MULTUKULTURAL DƏYƏRLƏR

Azərbaycandakı multikultural dəyərlərin tarixi izlərini araşdırmaq üçün əsas mənbələrindən biri ədəbiyyatdır və bütün dövrlərə aid ədəbi-bədii dil qaynaqlarına baxsaq, görərik ki, qədim zamanlardan bəri bizim ölkəmizdə birgə yaşayan müxtəlif etnosların dostluq, qardaşlıq, qarşılıqlı əməkdaşlıq münasibətlərini özündə əks etdirən nümunələrə daha çox rast gəlinir. Klassik ədəbiyyatı təmsil edən ədiblərin əksəriyyəti bu mənəvi dəyərlərə üstünlük verərək öz yaradıcılıqlarında geniş toxunmuşlar.

Araşdırma zamanı məlum olur ki, XV əsr şairlərinin yaratdığı bədii sənət nümunələri yalnız mənzum eşq hekayələrindən ibarət olmayıb, həm də bu münasibətlərdən qaynaqlanan təsəvvüfi, əxlaqi, fəlsəfi görüşlərlə yanaşı, ümumbəşəri dəyərlərin təbliğində mühüm rol oynamışdır. Humanist ideyaları təbliğ edən klassiklər öz əsərlərində “dinlər və məzhəblər arasındakı ziddiyyət və ədavəti aradan qaldırmağı, bütün xalqları bir gözdə görməyi, onlara hörmət etməyi fəlsəfi cəhətdən əsaslandırmağa çalışır”.  Sufilik ideyalarını tərənnüm edən Xəlilinin, Dədə Ömər Rövşəninin, Seyid İbrahim Gülşəninin, Kişvərinin, Həbibinin şeirlərində, təbii olaraq, dini-təsəvvüfü görüşlər daha çox əks olunur tez-tez Məhəmməd peyğəmbərlə yanaşı digər peyğəmbərlərə və onların möcüzələrinə,  imamlara müraciət edilir:

Xəlilü Söhfü İncilim, Kəlimim,Turü Tövratım,

Zəburum, nəğməvü sövt ilə Davudi-xoşəlhanım,

Gözlərüm Yəqub tək kor olsun, ey İsanəfəs,

Kim, sən olan yerdə yad Yusifi-Kənan qılay (Kişvəri),

Yəqubi-xəstəhal kibi suzi-ah ilə,

Misrin əzizi Yusifi-Kənanə yazirəm,

Səlam ol iki nəcmi-zahidinə,

İmameynə Həsən birlə Hüseynə (Xəlili),

Can verməyən ğəzadə Hüseyni-Əli kimi (Gülşəni)

və s.

Dünyəvi məhəbbət, insansevərlik, reallıq ideyaları üzərində qurulan yazılı abidələrin dil və üslubunda Şərq poeziyasından, əxlaqi-didaktik motivləri nəsihətçilik üsulundan geniş istifadə edilmişdir. Klassiklər nəsihətamiz hekayələrdən, lətifələrdən, xalq deyimlərindən özünəməxsus şəkildə ustalıqla istifadə edərək insanları pis vərdişlərdən çəkindirməyə, bacardıqları işlərlə məşğul olmağa, cəmiyyətdə layiqli yer tutmağa, düzgün tərbiyə etməyə çalışır, digər etnosların adlarını çəkməklə insanlar arasında qardaşlığı, dostluğu, bərabərliyi təbliğ edir:

Türkü kürdü əcəmü hindi bilür bunu ki,

Sən, Haşimisən, ədəbisən, mədənisən, qürəşi,

Rui Rumi, kəlləsi Deyləmi, özü mədəni,

Ərəbi sözü, gözü Haşimi, qaşı Qürəşi (Rövşəni);

***

Müsəlman düşməsün, ya Rəb, balayi-daği-hicranə,

Mən qul həbəşivü sən çiraği-Qureyşi (Kişvəri)

və s.

Bütün bunlar bir daha təsdiq edir ki,  XV əsr Azərbaycan ədəbi-bədii dil qaynaqlarında zəngin dil faktları ilə yanaşı, tarixən hər hansı bir hadisədən asılı olmayaraq multikulturalizm və tolerantlıq ənənələri, ideyaları daim qorunub saxlanmışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir