Faktlara dayanan TARİXİMİZ: Mil-Qarabağ-təbii-coğrafi şərait
“İNFONEWS” -un “Faktlara dayanan TARİXİMİZ” layihəsi davam edir.
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) “Humanitar fənlər” kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru, beynəlxalq tarixçi-ekspert Cəmilə Vaqif qızı Həsənova təqdim edir:
MİL-QARABAĞ ƏRAZİSİNİN TƏBİİ-COĞRAFİ ŞƏRAİTİ
Mil-Qarabağ bölgəsinə Laçın, Kəlbəcər, Cəbrayıl, Füzuli, Ağdam, Ağcabədi, Tərtər, Beyləqan, Bərdə və Dağlıq Qarabağ daxildir. Coğrafi baxımdan ərazi dağlıq, dağətəyi, düzənlik zonaları özündə əks etdirir. Bölgənin mülayim iqlim şəraiti, münbit torpaqları, zəngin təbii ehtiyatları, bol sulu çayları, meşə örtüyü, heyvanat aləmi – bütün bunlar Mil-Qarabağ ərazisində ibtidai insanların ən qədim zamanlardan məskunlaşmasına şərait yaratmışdır.
Belə güman etmək olar ki, mövzunun əhatə etdiyi dövrdə iqlim şəraiti müasir dövrdən də əlverişli idi. Rütubət, meşə və bitki örtüyü yetərincə olmuşdur. Bunlar isə təsərrüfat həyatının canlanmasına şərait yaratmışdır.
Ərazinin əsas dağ massivi Qarabağ yaylasından ibarətdir. Yayla şimalda Mıxtökən, şərqdə Qarabağ, qərbdə Göycə və Zəngəzur dağ silsilələri ilə əhatə olunaraq cənub və cənub-şərqə doğru tədricən aşağı düşür. Qarabağ şimal-şərq hissədə daha uca zirvələrə malikdir. Cənub-şərq istiqamətində isə daha alçaqdır. Qarabağ dağ silsiləsində Ziyarətgah (2480 m), Qırğız, Böyük Kirs (2743 m) kimi yüksək dağ zirvələri var. Dağları bir-birindən dibi ilə bol sulu çaylar axan dərin dərələr ayırır. Ərazinin çayları içərisində su balansına görə Araz çayı, Qarqarçay, Tərtərçay, Xaçınçay, Köndələnçay, Quruçay, Tərtər və Goranboy rayonlarının sərhəddindən axan İncəçay və s. xüsusi yer tutur. Ərazi çayları içərisində Kiçik Qafqazın Qarabağ yaylasının 3158 m yüksəkliklərindən mənbəyini götürən Tərtər çayı bir çox əlamətləri ilə fərqlidir. Onun uzunluğu 200 km, sutoplayıcı qabiliyyəti 2650 kv.km-dən çoxdur. Axın boyu Tərtərçayına Tutqunçay, Leyçay, Turqay çayları yan qollar olaraq qoşulur. Düzənliyə çıxarkən Tərtər çayı kənd təsərrüfatı üçün çox yararlı olan gətirmə konusu yaradır.
Bölgənin başqa bol sulu çaylarından olan Xaçınçay və Qarqarçay da meşəliklərlə, dərin dərələrlə axaraq düzənliyə çıxdıqda məhsuldar allüval torpaqlardan ibarət gətirmə konusları yaradırlar. Xaçınçayın mənbəyinin yüksəkliyi 2155 m, mənsəbinin ki isə 75 m-dir. Qarqarçayda bu rəqəm müvafiq olaraq 2418 m və 12 m təşkil edir. Xaçınçayın uzunluğu 119 km., sutoplayıcı sahəsi 657 kv.km-dir. Bu göstəricilər Qarqarçay üçün belədir: uzunluğu 109 km, sutoplayıcı sahəsi 1490 kv.km-dir. Hər iki çay öz mənsəblərini Kür çayına çatdıra bilmişlər.
Qarabağın yüksək dağlıq bölgəsində Alagöl (sahəsi 4,75 km2), Kiçik Alagöl, Xalxal göl, Böyük göl, Əyri göl, Keçibatan göl və başqa kiçik göllərdən ibarət su hövzələri, saysız-hesabsız billur sular, buzlaqlar var.
Daha az su balansına malik olan Quruçayın uzunluğu 74 km, sutoplayıcı sahəsi isə 443 kv.km-dir. Bazarçay (uzunluğu-179 m, sutoplayıcı sahəsi 2972 kv.km), Əkərəçayını (uzunluğu 130 km, sutoplayıcı sahəsi 256 kv.km) da qeyd etmək olar. Bu çaylar Araz çayının sol qollarını təşkil edirlər.
Qarabağın dağlıq hissəsi, geniş meşə örtüyünə malikdir. Məsələn, Kəlbəcər və Laçın rayonları ərazisinin 22%-ə qədəri meşələrlə örtülmüşdür. Cənuba getdikcə meşələr seyrəlir. Zəngilan və Qubadlı rayonlarının ərazisi 15% meşələrlə örtülüdür. Cəbrayıl rayonunda bu rəqəm 3,5% təşkil edir. Şuşa, Ağdərə və s. rayonlarının da ərazisində zəngin bitki örtüyünə malik meşə zolaqları mövcuddur. Bütövlükdə Dağlıq Qarabağın ərazisinin 33 faizi meşələrlə örtülmüşdür ki, onların da ümumi sahəsi 140 min hektara yaxındır.
Əsrlər boyu, ən qədim zamanlardan başlayaraq belə zəngin təbiətə, yaşayış üçün əlverişli iqlim şəraitinə, meşə örtüyünə, alp çəmənliklərinə, bolsulu çaylara, heyvanat aləminə malik olan bu ərazidə daim yaşayış olmuşdur. Nəsillər bir-birini əvəz etmiş, zəngin mədəni irs mütəmadi olaraq irsən ötürülmüşdür.