“Faktlara dayanan TARİXİMİZ”: Atalarımızın ruhu bizi izləyir
“İNFONEWS” -un “Faktlara dayanan TARİXİMİZ” layihəsi davam edir.
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) “Humanitar fənlər” kafedrasının müəllimi, beynəlxalq tarixçi-ekspert tarix üzrə fəlsəfə doktoru Cəmilə Vaqif qızı HƏSƏNOVA layihənin xüsusi buraxılışını təqdim edir:
ATA-BABALARIMIZIN RUHU BİZİ İZLƏYİR
Bu gün “Faktlara dayanan: TARİXİMİZ” lahiyəsini bir qaşqa formatda yazmaq istədim. Əslində bu da bir tarixdi, haqqında yazacağım insan xalqı üçün, milləti üçün, dövləti üçün çalışan zəhmətkeş Polis Polkovniki Vaqif Gəray oğlu Cəfərovdur və o, mənim atamdır.
Məkan-məkan ünvanı özündə cəmləyən bu ulu torpağın, yer kürəsinin cazibəsi nə qədər güclüdür. Bütün cisimləri, hətta yanar günəşi də öz hökmündə saxlamğı bacarır.
Əməllərimizlə, məslək idealarımızla, bəlkə də təsəvvür edə bilmədiyimiz bir cazibənin sehrində ömür adlı tale səfərinin yollarında atdım-atdım irəliləyirik. Ata ocağı, valideyn böyüklüyü, ana südüdür bu cazibənin məhvərində dayanan ulu qürdət. Valideynlərimizin öyüd-nəsihətləri, ruhları bizi izləyir daim….
Vaqif Gəray olğu Cəfərov 1947-ci il 18 fevral tarixində Bakı şəhərində qulluqçu ailəsində dünyaya göz açıb. Körpə vaxtlarından həyat atamı sınaqlara çəkir. İki yaşında anası Zəhra xanımı itirir. Daha sonra atası Gəray bəy ikinci dəfə ailə həyatı qurur. Amma heç unutmaram, atam “Ögəy ana” filminə baxanda hər zaman qəhərlənib ağlayardı. Hərçənd atam ögəy anasından sevgi ilə danışardı, onu boya-başa çatdırdığına, qayğı göstərdiyinə görə həmişə minnatdarlığını bildirərdi.
Atam 1968-ci ildə babamın məsləkini davam etdirmək üçün Daxili İşlər Orqanlarına işə qəbul olur. Beləliklə, Bakı Şəhər Daxili İşlər Orqanlarında növbətçi köməkçisi vəzifəsində çalışmağa başlayır. Elə hər şey də bundan sonra başlayır. Təhsilini davam etdirib, zabit rütbəsinə layiq görülür. Bu dəfə taleyinə DİN-in Hərbi səfərbərlik və mülki müdafiə şöbəsində inspektor vəzifəsi düşür. SSRİ DİN Akademiyasının Rostov filialında təhsilini bitirdikdən sonra isə Respublika DİN Cinayət Axtarış idarəsində inspektor, baş inspektor vəzifəsinə təyin olunur. Müxtəlif vaxtlarda Azərbaycanın ayrı-ayrı regionlarında- Zaqatala, Kürdəmir, Balakən, Səlyan, Yevlax rayonlarında soyğunçuluq, qarət və digər ağır cinayətlərin açılmasında yaxından iştirak edir.
Uzun müddət Masallı rayon Daxili İşlər Şöbəsinin Əməliyyat işi üzrə rəis maüvini işlir. Rayon əhalisi bu gün də onu unutmayıb, söhbət düşəndə xoş xatirələrini bölüşürlər: “Vaqif müəllim Cəfərov – çox sadə, mehriban, işgüzar insan kimi yaddaşımızda qalıb. Həm özü, həm də QAZ-21 markalı “Volqası” indi də gözümüzün önündədir. Hadisə baş verən zaman gecə, gündüzün fərqinə varmadan cinayət yerində olardı. Masallı camaatı ilə asanlıqla dil tapırdı. Nədənsə incik, acıqlı, narazı vətəndaş onun otağına daxil olub və oradan üzügülər çıxardı”.
Əlbəttə, rast düşdükdə, bəzən də təsadüfən, heç gözləmədiyimiz hallarda atam haqqında belə səmimi, qürurverici sözləri indi də eşitmək mənə bir övlad kimi necə xoşdur, bir bilsəniz…
V.Cəfərov I Qarabağ müharibəsi zamanında ön cəbhəyə yollanır, Azərbaycan torpaqlarının müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak edir. Başqa cür ola da bilməzdi, həm Vətənə məhəbbəti, həm də atamın əslən Ağdamın Seyidlər kəndindən olması hər şeyi izah edir. Ərazilərimizin erməni işğalı dönəmlərdə Ağdamda, kənddən, ümumiyyətlə torpaqlarımızın təbii sərvətlərindən, bulaqlarından, meşələrindən, eləcə də I Qarabağ müharibəsinin veteranı kimi strateji əhəmiyyətlərindən danışardı.
Çox sevinirəm, çünki atam bu torpaqların azad olunmasını gördü. O, Zəfər sevincini yaşadı!
Daha sonra 1992-ci ildən yenidən paytaxta geri qayıdır, müxtəlif vəzifələrdə məsləkini davam etdirir. Ən son DİN Katibliyin rəisi vəzfəsində çalışaraq, Polis Polkovniki rütbəsi ilə təqaüdə çıxır.
Amma məsləkini çox sevdiyi üçün yenidən iş fəaliyyətini davam etdirdi və ömrünün son günlərinə qədər “E-MANAT” Groupda mühafizə rəisi vəzifəsində çalışırdı.
“Bir övlad üçün, həm də qız övladı üçün valideyn nə deməkdir?” soruşsanız, “Valideyn hər şeydir!” – deyərdim. “Bəs bir övlad üçün yaxşı, ideal valideyn nə deməkdir?” sualına, “Fəxr edici ən gözəl hissdir” – deyə, cavab verərdim.
Bəli, mən atamla fəxr edirəm! Və bu gün bir övlad üçün belə bir valideynin itkisi çox ağırdır, hələ də barışa bilmirəm. Amma bu yaxınlarda bir yazı ilə rastlaşdım. Yazıda qeyd edilirdi: “YAXŞI İNSANLAR ÖLMÜRLƏR… Onlar materiyadan ruh halına keçərək, ürəklərdə özlərinə taxt tac qurub ƏBƏDİYAŞAR olurlar”. Bu sözlərlə təskinlik tapıram.
İnsan var, varlığı ilə yoxa taydır.
İnsan var, yoxluğuna dözmək ağırdır.
İnsan var, pisliklə lənət qazanır.
İnsan var, sağikən rətmət qazanır.
O, bu dünyadaykən CƏNNƏT qazanır.
Mənim bu dünyada CƏNNƏT qazanam atam yaxşı ki, mən sənin qızınam. Hər keçən günüm üçün sevinirəm, çünki hər gün sənə daha çox yaxınlaşıram. Ömrünün 75 ili mübarək olsun!
Kaş ki… zaman bu qədər acımasız olmazdı, kaş ki… valideynlər heç zaman bizi tərk etməzdi…..