28 mart – Milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günüdür
“İNFONEWS” xəbər verir.
28 mart – Milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günüdür
1918-ci ildə Azərbaycan Xalq Cünhuriyyəti müstəqilliyini bərpa etdikdən sonra, 1919-cu il martın 28-də Azərbaycanda ilk milli təhlükəsizlik orqanı yaradıldı. Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun əmri ilə nazirlik tərkibində kəşfiyyat və əks-kəşfiyyat bölməsi (kvartirmeyster) təşkil edilib. Qurumun ilk rəhbəri Məmmədbağır Şeyxzamanlı, sonra onun qardaşı Nağı Şeyxzamanlı təyin edilib.
Sovet dövründə qurum əvvəlcə Fövqəladə Komissiya (“ÇK”) adlanıb, bir müddət Daxili İşlər Xalq Komissarlığının (“NKVD”) tərkibində fəaliyyət göstərib, sonra Dövlət Təhlükəsizlik Komitəsi təşkil olunub. 1967-ci ilədək respublikanın təhlükəsizlik orqanlarına qeyri-azərbaycanlılar rəhbərlik ediblər. Həmin il general Heydər Əliyev Azərbaycan DTK-nın sədri təyin olunub.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, 1991-ci il noyabrın 1-də Milli Təhlükəsizlik Nazirliyi yaranıb. Prezident Heydər Əliyevin 1997-ci il 23 mart tarixli fərmanı ilə 28 mart- Milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günü elan olunub.
Prezident İlham Əliyevin 14 dekabr 2015-ci il fərmanı ilə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi ləğv edilərək onun bazası əsasında Dövlət Təhlükəsizliyi Xidməti yaradıldı.
Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları üzərinə düşən vəzifələrin məsuliyyətini dərindən dərk edir. Azərbaycanın daha da qüdrətlənməsinə xidmət edən Heydər Əliyev siyasi xəttinin dönmədən həyata keçirilməsi, Vətənimizin, xalqımızın təhlükəsizliyi, yüksək sayıqlıq, peşəkarlıq və fədakarlıq fəaliyyətimizin əsasını təşkil edir.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlətçilik ənənələrinə sadiq olan Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin Azərbaycanın dinamik inkişaf edən və qüdrətlənən dövlətə çevrilməsi yolundakı əzmkar fəaliyyətində daim ən yaxın silahdaşı olacaq, Silahlı Qüvvələrin Ali Baş Komandanının bütün əmr və göstərişləri bundan sonra da dərhal və vicdanla yerinə yetiriləcəkdir.
Azərbaycan bütün sahələrdə dinamik sürətdə inkişaf edir, Vətənimizin siyasi-iqtisadi nüfuzu və mövqeyi dünyada ildən-ilə möhkəmlənir. İndi yeni yaradılan Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti milli maraqlarımızın və təhlükəsizliyin etibarlı qorunması istiqamətində həyata keçirdikləri fəaliyyətləri ilə öz tarixlərinin şərəfli səhifələrini yazırlar.
Xarici xüsusi xidmət orqanlarının ölkəmizdə həyata keçirdiyi kəşfiyyat, təxribat-pozuculuq fəaliyyəti hallarının aşkar olunması və neytrallaşdırılması baxımından Xarici Kəşfiyyat Xidməti mühüm nailiyyətlər əldə etmişdir. Kəşfiyyat Xidmətinin qarşısında həmçinin dövlət sirri təşkil edən məlumatların qorunması – korrupsiya, terrorizm, narkotik vasitələrin, psixotrop və radioaktiv maddələrin, odlu silah və döyüş sursatının beynəlxalq qanunsuz dövriyyəsi ilə, mütəşəkkil transmilli cinayətkarlığın daha təhlükəli növləri ilə mübarizə kimi son dərəcə məsul vəzifələr durur.
Peşə bayramınız mübarək!