“ŞƏHİDLƏR ÖLMƏZ, VƏTƏN BÖLÜNMƏZ!” esse müsabiqəsi – Cəmilə Bədəlova

“ŞƏHİDLƏR ÖLMƏZ, VƏTƏN BÖLÜNMƏZ!” esse müsabiqəsi – Cəmilə Bədəlova

“İNFONEWS” -da “ŞƏHİDLƏR ÖLMƏZ, VƏTƏN BÖLÜNMƏZ!” esse müsabiqəsi davam edir.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Ümumi Fənlərin Tədrisinin Təşkili Departamentinin Tələbə Elmi Klubunun təşəbbüsü və təşkilatçılığı və “İNFONEWS” İnformasiya Agentliyinin media dəstəyi ilə “Aprel döyüşləri – bizi Zəfərə aparan  yolun ilk addımı, Azərbaycanın Milli Qəhrəmanlıq Tarixinin ən əsas səhifəsidir” mövzusuna həsr edilən “ŞƏHİDLƏR ÖLMƏZ, VƏTƏN BÖLÜNMƏZ!”  esse müsabiqəsi davam edir.

Layihə rəhbəri ÜFTTD- nin Tələbə Elmi Klununun sədri “Humanitar fənlər” kafedrasının baş müəllimi tar.ü.f.d. Cəmilə Həsənova UNEC “Maliyyə və Mühasibat” fakültəsinin I kurs, 430 qrup tələbəsi Cəmilə Rəşad qızı Bədəlovanın essesini təqdim edir.

*******

VƏTƏN – min cür sözlərlə bəzəsək də, ifadə edə bilmədiyimiz, anamıza tən tutduğumuz məkan! Kim sevməz ki bu məkanı, ana yurdu. Ən ülvi hisslərlə bağlı olduğumuz Azərbaycanımızın daim qanayan bir yarası vardı – QARABAĞ!

Hardan başlasam, nədən yazsam deyə düşünürəm. Hələ XIX əsrdə ermənilər Azərbaycan torpaqlarına köçürülür və bununla da ərazi iddiaları başlayır. Azadlıqsevər xalqımızın min bir əziyyətlə qurduğu Xalq Cümhuriyyəti dağıldıqdan sonra isə erməni xisləti mənfur bir şəkildə ortaya çıxır. 1923-cü ildə Qarabağda qondarma bir vilayət yaranır. 1988-ci ildən başlayaraq isə açıq şəkildə bəxşiş aldıqları torpaqları, sanki öz yurdları imiş kimi qələmə verməyə çalışır, xalqımızı kütləvi deportasiyaya məruz qoyurlar. Çox keçmir ki, işğallar başlayır, qanlar axıdılır. 1991-ci ildə Xankəndi ələ keçirilir. 90-cı illərin əvvəllərində torpaqlarımız ard-arda işğal edilir.

Soyqırım – qulaq öyrəşib bəlkə eşitməyə bu sözü. Lakin bu, dəhşətdir, bir xalqın soyunu qırmaq dünyadakı ən son barbarçılıqdır. Qətlə yetirilən yüzlərlə, minlərlə soydaşımız… Güllə ilə vurularaq desəm? Yox. İşgəncələrlə, əziyyət verərək öldürmək. Nə cür qışqırasan, nə cür ah-nalə  çəkəsən, hansı sözü deyəsən ki, bu mənfurluğu dünyaya çatdırasan.Və … və həsrət qaldıq Qarabağa: Yerin təkindən qaynayaraq çıxan bulaqlara, Kəlbəcər yaylaqlarına, Topxana meşəsinə, xarıbülbülə. Düşünün, evimizdən 2-3 gün uzaq qaldıqda narahat olur, öyrəşə bilmirik. Yurdundan qovulmağa necə öyrəşsin bu millət? İllər keçir, ürəklərdə qanayan yara qasnaq bağlasa da sağalmır. Hər şəhid şəhadətində, hər işğal günündə yenidən qanayır. Sabaha ümidlər azalır. Heç kim inanmır, inansa belə bezir artıq həsrətdən.

“Həyat üçün doğulmuşuq, Vətən üçün ölməliyik “ – 20 Yanvarda qəhrəmancasına şəhid olmuş Ülvi Bünyadzadə uşaqkən yazdığı şeirdən bir parça. Bu vətən uğrunda canından keçən qəhrəmanlardan biri də Mübariz İbrahimovdur. O, yurdumuza şərəfli dönüş yolunda hər kəsə böyük örnəklərdəndir.

İl 2016. Aprel döyüşləri başlayır. Murad Mirzəyev, Rasim Məmmədov, Ziya Həsənov, Nicat İsgəndərov və bir çox igid oğlumuz şəhadətə yüksəlir. Bir müddət susqunluqdan sonra mənfur düşmən yenə atəşkəsi pozur. 2020-ci il iyul ayında düşmənə cavab atəşi açılır və Tovuz döyüşləri baş verir. Polad Həşimov səhərin alatoranlığında Tovuz istiqamətində tabeliyində olan əsgərlərlə çiyin-çiyinə döyüş zamanı ön xətdə şəhid olmuşdur. Həşimov Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatlar zamanı şəhid olan birinci və yeganə generalıdır. Bütün bunlar səbirləri tarıma çəkdi. Nəhayət, 27 sentyabr 2020-ci ildə çoxdan gözlənilən Ali Baş Komandanın əmri gəldi. 44 səhifəlik əsər, qəhrəmanları isə igidlərimiz. Həsrətə son qoymağa, ürəklərdəki yarayı bir dəfəlik dindirməyə gedirik.

Ön cəbhədə qəhrəman oğullarımız döyüşür, arxa cəbhədə isə biz yumruğa dönmüşük. Məhz, dəmir yumruğa. O yumruq ki, ermənilərin başını əzdi. Əlbəttə, müharibənin digər tərəfi itkilərimiz idi. Dövlətzadə Cəbrayıl – sadə bir əsgər əlləri ilə general boğdu. 19 yaşında şəhadət zirvəsinə yüksəldi. Can Xudayar təkcə səsi ilə dağları dəldi. “Vətən yaxşıdır” sədaları dillər əzbəri oldu. Muxtarın bir baxışı belə düşməni lərzəyə gətirirdi. Daha kimlər, kimlər… 3000 mələk.

Millət millət olur arzu niyyəti,

İnamı, inadı öz inancıyla

Dərk edib bu haqqı bu həqiqəti

Suvardıq torpağı şəhid qanıyla.

Hər gün daim daha möhkəm səslə ucalan o şanlı şüar: “Qarabağ Azərbaycandır!”. Sanki şirin bir musiqi kimi qulağımıza oxşayırdı.Və bir gecə o xəbər – 8 noyabr. Şuşa qaytarıldı. Sevincindən evində dura bilməyən insanlar küçələrə axışdı. Zorla didərgin düşüb qaçqın adıyla yaşayanlar öz isti ocaqlarına geri dönür. “Qarabağ Ermənistandır nöqtə işarəsi” ifadəsi Paşinyan və hakimiyyətinin boğazında qaldı.

Şərəfli yol keçən igidlərimiz vətənə qayıdır. Kimisi qazi olaraq, kimisi isə üçrəngli bayrağa sarılaraq. Haradır Qarabağ? Kimindir bu torpaq, bu Vətən? Müharibə zamanı arxaya baxmadan dabanına tüpürüb qaçanların, iti qovan kimi qovanların? Axı hansı haqla Cəbrayıla yol çəkilir? Heçvaxt!

Bayraqları bayraq yapan üstündəki qandır

Torpaq uğrunda ölən varsa, Vatandır!

Ölümün gözünə dik baxan, daim irəli gedən millətin torpağıdır Qarabağ!

Oğlu şəhid gələndə qurban kəsib oynayan ananın, iki oğlunu bir gündə itirən atanın, atasız qalan körpələrin, qazilərin yurdudur Qarabağ!

Bütün bunlar bir faktı sübut edir. Xalqın birliyini, vətənimizin bütövlüyünü. Nə qədər ki, bizlər yaşayırıq, vətənimiz bütövdür şəhidlərimiz də bizimlə əbədi yaşayacaq.

Şəhidlər ölməz, Vətən bölünməz!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir