“Bu, yuxu deyildi, bütün yaşananlar həqiqət idi” – Günel Səfərova, Fransa
“Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi bizi hədsiz xoşbəxt elədi. Qurultayın həm öz abu – havası , həm də ordakı ortam bizə bir başqa əhval-ruhiyyə yaşatdı. Gerçəkdən də, dünya azərbaycanlılarının biraraya gəlməsini, yumruq olub ürəyinin bir ahəngdə döyünməsini görmək olduqca qürurvericidir”
Bunu “İNFONEWS” -a Fransanın Leon şəhərində yaşayıb, fəaliyyət göstərtən iqtisad üzrə fəlsəfə doktoru Günel Səfərova Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı barədə söyləyib.
“Qurultayda elə bir hisslər yaşadıq ki….
Sanki Vətənimizin baş tacı Şuşamızın aurası bizi götürüb aparmışdı, elə bil paralel dünyaya keçid etmişdik; reallıqdan ayağımız üzülmüşdü.
Orda olmaq əlçatmaz bildiyim torpaqlarımızın üstündə gəzdiyim, sıldırım qayalarına baxıb, nəfəs aldıqca doymadığım havasını sinəmə çəkdiyim ən gözəl bir yuxu kimi gəlirdi mənə.
Amma nə yaxşı ki, bu, yuxu deyildi, bütün yaşananlar həqiqət idi. Torpağında, daşında, təpəsində, dağında, bulağında min sirr, əzəmət, igidlik daşıyan Qalib Şuşamız! Hər tərəf elə bil Cənab Prezidentin “Sən azadsan, ŞUŞA!” şüarını söyləyirdi.
Dünya Azərbaycanlılarının V Qurultayı son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan diasporumuzun ilk böyük görüşü idi. Müzəffər Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevin qurultaydakı nitqi hər birimizə yeni fəaliyyət strategiyası, yeni mərhələdə işləmək kimi messaj vermiş oldu.
Əminliklə deyə bilərəm ki, müxtəlif ölkələrdə yaşamağımızdan asılı olmayaraq, biz də Qarabağın dirçəlişi, quruculuq işlərində xalqımızın yanında olacaq, əlimizdən gələni əsirgəməyəcəyik”, – Günel Səfərova əlavə edib.