“Ədəbiyyatdan namələr”: QALDIR MƏMLƏKƏTİ AYAĞA ŞEİRİM – Namə 14
“İNFONEWS”– un “Ədəbiyyatdan namələr” layihəsində On dördüncü namə
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Azərbaycan dili” kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru, “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi”, “Heydər zirvəsi” medalı və “Xarıbülbül” mükafatları laureatı, beynəlxalq dilçi-turkoloq ekspert Aynur Familqızı Paşayeva təqdim edir:
On dördüncü namə:
QALDIR MƏMLƏKƏTİ AYAĞA ŞEİRİM
9 Yanvar…”Haqqın var baş olub, başda durmağa,
Qaldır məmləkəti ayağa, şeirim” şüarıyla səsləyən ustad şairin anım günü… Şeirin, sözün Zəlimxan Zirvəsi… “Mən elə Türkün ruhuyam”, – deyən şairin yaradıcılığında türkçülük ideyası Azər Turanın “Əzəl-axır dünya Türkün dünyası” monoqrafiyasında belə dəyərləndirilir: “Zəlimxan Yaqubun şeirlərində Türkün genetik yaddaşı dipdiridir” cümləsi çox mətləblərdən xəbər verir. Türk dünyası ilə bağlı şeirlərini tədqiqat süzgəcindən keçirən tədqiqatçı Zəlimxanın, Dərbəndə, Kərkükə, Təbrizə, Borçalıya həsr etdiyi şeirlərə xüsusi önəm verir:
“Kərkükü, Dərbəndi xatırlamazdım,
Əgər Borçalıda doğulmasaydım “- fikrini xüsusi vurğulayırdı.
Beləliklə, ustad şair Vətənimizin tarixən parçalanmış hissələrinin – Borçalının da, Kərkükün də, Dərbəndin də yad əllərdə olduğunu bir daha oxucuların, xüsusən də keçmişimizdən az xəbəri olanların nəzərinə çatdırırdı. Şair ingilis yazıçısı Ceyms Oldricin “ikiyə bölünmüş bir ürək” adlandırdığı Güney və Quzey Azərbaycandan ürəkağrısı ilə söz açırdı:
Vaxt Təbrizin, dünya Ərkin dünyası,
Yol Tanrının, haqqı dərki dünyası,
Əvvəl-axır dünya türkün dünyası,
Üç gün-beş gün gecim-tezim olacaq,
Bu gün-sabah dünya bizim olacaq.
Deyirlər, tarixin yaddaşı gödək olur… Şairin amalı tarix kimi doğulmaq, tarix kimi yaşamaq və tarix kimi ölmək idi…
Ucalardan ucalara
qalxasan fələk kimi,
Buludların qanadında
uçasan mələk kimi.
Nurlandırıb könüllərə
çatasan şimşək kimi,
Cahilliyi, nadanlığı
yer üzündən siləsən,
Tarix kimi doğulasan,
tarix kimi yaşayasan,
tarix kimi öləsən!
Yaşayasan insaf kimi,
iman kimi, din kimi,
Torpaq səni qəbul edə
göydən gələn ün kimi.
Ölümün də tarix ola
doğulduğun gün kimi,
Öz ömrünü zərrə-zərrə
insanlarla böləsən,
Tarix kimi doğulasan,
tarix kimi yaşayasan,
tarix kimi öləsən!
Ədəbiyyat tariximizə adını qızıl hərflərlə yazan Ustad şairimiz – Zəlimxan Yaqubun əziz xatirəsini dərin hörmət və sevgi ilə anırıq! Ruhu şad olsun!