Ermənistan-Rusiya münasibətlərinin pisləşməsi Cənubi Qafqazda hansı yeniliklərə SƏBƏB olacaq? – Siyasi ŞƏRH

Ermənistan-Rusiya münasibətlərinin pisləşməsi Cənubi Qafqazda hansı yeniliklərə SƏBƏB olacaq? – Siyasi ŞƏRH
Son vaxtlar Ermənistan-Rusiya münasibətləri pisləşməyə doğru irəliləyir. Prosesin bu cür davam etməsinin Ermənistanda müəyyən dairələrdə etiraz dalğası yaradacağı gözlənilir. Laçın-Xankəndi yolundakı aksiyaya görə Ermənistan tərəfi Kremli günahkar hesab edir. KTMT-nin İrəvanda təlimlərindən imtina olunur və bu gedişlə Qərbin İrəvanı Moskvanın orbitindən qoparmaq şansları artır. Bu mənada iki müttəfiq ölkənin münasibətlərinin korlanmağı Cənubi Qafqazda hansı yeniliklərə, dəyişikliklərə səbəb ola bilər?

Məsələ ilə bağlı”İNFONEWS” -a danışan siyasi şərhçi Elşən Manafov açıqlamasında bildirib ki, Rusiya və Ermənistan arasında münasibətlərdə ciddi problemlər yaşanmır. Ermənistan hakimiyyətinin xüsusilə Paşinyanın son vaxtlar qəbul etdiyi qərarlar heç şübhəsiz Rusiyanın hakim siyasi elitasında müəyyən narazılıq yaradır. Amma rəsmi kontekstdə Rusiya hələlik buna münasibət bildirməyib.

“Ermənistan iqtidarı isə Rusiyanı artıq Ermənistanın dövlət suverenliyini təhdid etməkdə ittiham edir. Bu məsələnin birinci tərəfidir. İkinci tərəfi ondan ibarətdir ki, Paşinyan bu ilin əvvəlində Kollektiv Təhülkəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistan ərazisində hərbi təlimlərin keçirməsinin müvafiq olmadığını qeyd etdi. Bu da Rus NATO-suna Ermənistana indiki iqtidarı tərəfindən müəyyən bir mesaj kimi qəbul oluna bilər. Üçüncüsü Paşinyan hələ müxalifətdə olarkən Ermənistanın həm KTMT-dən, həm də Avrasiya İqtisadi Birliyindən çıxmasının vacibliyi bağlı məsələləri vurğulayıb. Onun bəyan etdiyi addımların atılacağı istiqamətində müəyyən qərarlar qəbul edəcəyi istisna deyil. Paşinyanı hakimiyyətə gətirən Qərbdəki bəlli dairələr də bu ismarıcları vermişdilər. Onun əsas məqsədi Ermənistanı Rusiyanın təsir dairəsindən qoparıb perspektivdə Cənubi Qafqazın Qərbin nüfuz dairəsinə keçməsinə kifayət qədər ciddi təsir göstərə biləcək qərarlar qəbul etməkdən ibarət idi”.

Politoloqun sözlərinə görə, Paşinyan anlamamış deyil ki, Rusiya və İran bölgəyə üçüncü tərəfin, yəni Qərbin bölgədə nüfuz sahibi olmasından narahat olurlar.

“Bu mənada Paşinyanın problemi məhz onun qəbul etdiyi qərarlara geosiyasi səciyyə təşkil etməsindədir. Bütün hallarda onun qərarları regionda nüfuz sahibi olan İran və Rusiyanın maraqlarına cavab vermir. Lakin, nəzərə almaq lazımdır ki, Paşinyan həm də elə bir vəziyyətdədir ki, o manevr etmək məcburiyyətindədir. Vaxt qazanmaq istəyir. Məsuliyyətdən kənar qalmaq istəyir.

Rusiyanın Ermənistanda kifayət qədər təsir rıçaqları var. Bu istər Ermənistan iqtisadiyyatına, istərsə də Rusiyanın orada hərbi mövcudluğudur. Rusiya əlverişli məqamın yaranmasından sonra Ermənistanda dövlət hakimiyyətində müəyyən dəyişikliklər edilməsinə gedə də bilər”.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə qeyd etdi ki, Nikol Paşinyan Rusiya dövləti və maraqlarının əleyhinə zidd siyasət aparır. Bu da Rusiyanı məcbur edir ki, Azərbaycan tərəfi ilə dil tapsın.

“Sözsüz ki, Rusiya istərdi ki, Ermənistanı dəstəkləsin, orada mövqelərini gücləndirsin, ermənilərin əli ilə Azərbaycana qarşı siyasət həyata keçirsin və s. Amma Ermənistanın qərbpərəst siyasət aparması Moskvanı çıxılmaz vəziyyətə salır. Əlbəttə, Rusiya Azərbaycanın güclənməsində, Türkiyənin Cənubi Qafqazda təsirini artırmasında, Bakı-Ankara münasibətlərinin hər keçən gün güclənməsində qəti maraqlı deyil. Amma Ermənistanı dəstəkləməklə həm də özünə ziyan vurur. Çünki Ermənistan Rusiyaya deyil, Qərbə doğru istiqamət götürüb”.

S.Cəlaloğlu hesab edir ki, Rusiya əvvəlki Rusiya deyil, Ukrayna müharibəsindən əvvəlki Rusiyadan əsər-əlamət yoxdur. Artıq beynəlxalq hüquqda nüfuzu sıfıra enən, daxildə problemləri olan və dünyadan təcrid edilən Rusiya var.

“Eləcə də Ermənistan əvvəlki deyil. Yəni Azərbaycan ərazilərinin 30 faizini işğal edən, özünü qalib xalq kimi göstərən, dünyada hamını qalib xalq kimi onunla razılaşmağa sürükləyən Ermənistandan əlamət qalmayıb. İndisə qorxan, müharibədə silahını atıb qaçan, özünü qorumaq imkanı olmayan Ermənistan var. Üstəlik uzun illər illüziyalar üzərində qərbi aldadan Ermənistan ortaya çıxır. Qısacası, nə Rusiya, nə də Ermənistan əvvəlki deyil. Ona görə də, bunlar arasında əvvəlki əlaqələr heç vaxt yaranmayacaq”.

Oğuz Ayvaz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir