Sökülüb-tökülən, üstü yorğan-döşək, baqajı dolu yardıma tələsən maşın. Apardıqlarından da ürəyi böyük bir insan. Azərbaycan insanı. Təəccübləndimmi? Qətiyyən!
Deyirlər, dost dar gündə tanınar. Təkcə dost yox, elə insan da dar gündə tanınır. Azərbaycan insanının bu qədər böyük olduğunu, nə yalan deyim, müharibədə gördüm. Düzdür, ilk müharibə vaxtı da çox şey görmüşdüm. Nənəm hər gün təndirə çörək yapar, çörəklərin arasını “Allah verən”lə doldurar, mənə verərdi ki, apar əsgərlərə çatdır. Uşaq idim. Yerə dəyməsin deyə çox çalışırdım. Bəzən sürüyürdüm də, ancaq aparırdım. Hə, onu da deyim ki, nənəm bərk-bərk tapşırardı, yeyib qurtardıqlarını gör, ondan sonra geri gəl. Nənəm idi. Ona görə onun etdiyini heç vaxt xalqımızın adına yaza bilməzdim. Sadəcə bunu həmişə fəxrlə danışırdım.
Müharibə vaxtı anladım ki, bu xalqı uşaq vaxtı nənəmdə görmüşəm. Ona görə Türkiyədə baş verən zəlzələyə xalqın canla-başla yardım edəcəyini bilirdim, əmin idim.
Türkiyə ilə Azərbaycanı bir millət olmaqdan, strateji müttəfiqlikdən başqa bağlar da bir-birinə bağlayır. 1918-ci ildə ilhaq üçün yola çıxan türk ordusu, bunun baş tutmayacağını anlayanda Azərbaycanı erməni və ruslardan xilas etmək üçün döyüşdü və azad etdi. Cəmi iki il sonra Azərbaycan süquta uğrayanda Qarabağda son döyüşlərdən sağ çıxanlar Türkiyəyə keçib onlar üçün döyüşdü. Bir çağırışla Azərbaycandan Türkiyəyə qatarlar dolusu pul, neft, qızıl getdi. Müstəqilliyə müharibə ilə göz açdıq. Bu dəfə Türkiyə ordusunun mənsubları həm yeni qurulmaqda olan Azərbaycan ordusunun formalaşması üçün təlimlər verdi, həm də döyüşdülər. Aralarında şəhid olanlar, əsir düşənlər də oldu. Yenə müharibə, yenə Qarabağ və yenə Türkiyə ordusunun mənsubları həm təlimlər verdi, siyasi dəstək oldu. İndi Türkiyə təbii fəlakətlə çalxalanır, minlərlə insan zəlzələ nəticəsində həlak olub, evsiz-eşiksiz, köməksiz qalıb və yenə ilk Azərbaycan özünü yetirdi. Dövlətin etdiyi başqa, ancaq xalq da sakit dayanmır. Heç bir çağırış olmadan, heç bir göstəriş gəlmədən kimin nəyə gücü çatırsa, alır, zənbilinə qoyub yardım toplama məntəqələrinə qaçır. Qeyri-adi bağdır. Bu heç qardaşlıq da deyil. O qədər əclaf qardaşlar tanıyırıq ki. Bu hər nədirsə, qardaşlıqdan da irəli bir şeydir.
Baş üstündə saxlanılacaq, qədri bilinəcək xalqlardır. Deyir, Allah bir yerdən verəndə, bir yerdən kəsir. Allahın da qəribə işləri var, xalqına böyük ürək verir, insafı kəsilmişləri də sanki seçib məmur qoyur. Xeyirlə şərin, gecə ilə gündüzün yarışını, mübarizəsini bu xalqlar üzərində belə sınayır.
Nə isə, çox dərinə getməyim, siz mesaja yox, göz önündə canlanan rəsmə baxın…
Səxavət Məmməd