Qeydiyyat bu gün bitir- “Təhsilin inkişafında innovativ metodlar”
Bu gün Təhsilin İnkişafı Fondunun Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Təhsilin inkişafında innovativ metodlar” müsabiqəsinə qeydiyyat yekunlaşır.
“İNFONEWS” – un Fonddan əldəı etdiyi məlumatına görə, müsabiqənin məqsədi Ulu Öndərin elmə, təhsilə və gənclərə qayğısını rəhbər tutaraq, tələbələrin təhsilin inkişafına töhfə verəcək ideyalarının dəstəklənməsidir.
İki mərhələdən ibarət müsabiqədə bakalavriat və magistratura tələbələri “İnklüziv təhsilin inkişafı”, “Qeyri-formal təhsil metodları”, “Təhsildə texnologiyanın tətbiqi” və “Təhsildə idarəetmə” mövzularından biri üzrə ideya və təkliflərini təqdim edə bilərlər.
Birinci mərhələdə iştirakçılar tərəfindən hazırlanan təqdimatda məsələnin qoyuluşu, innovativ yanaşma və icra planı öz əksini tapmalıdır. Təqdimatlar mövzunun aktuallığı, faydalılığı, kontenti və dizaynı kimi meyarlar üzrə qiymətləndiriləcək.
İkinci mərhələyə keçən iştirakçılar isə təkliflərini müsabiqə mövzuları üzrə peşəkar mütəxəssislərdən ibarət münsiflər heyətinə təqdim edəcəklər. Bu mərhələnin meyarları (təqdimat bacarığı, fikirlərin əsaslandırılması və vaxtın idarəedilməsi) üzrə ən çox bal toplayan ilk 3 finalçı qalib olacaq. Təqdimat üçün maksimum 7 dəqiqə müəyyən olunub.
Sonda birinci yerin qalibi 1000 manat, ikinci yerin qalibi 750 manat, üçüncü yerin qalibi isə 500 manat mükafat alacaq.