“YAQUAR PƏNCƏSİ” Zemfira Ziyadqızı – YENİ KİTAB VAR
Şair – publisist Zemfira Ziyadqızının “Yaquar pəncəsi” adlı ikinci poeziya toplusu bu günlərdə işıq üzü görüb. Kitabın ilk oxucusu kimi haqqında təqdimat yazıb oxucuları bilgiləndirməyi özümə borc bilirəm. Aforizmlərin birində dediyi kimi, hər insan ömrü bir kitabdır: müəllifi tanrı, obrazı insan, oxucusu zamandır!…
Zemfira Ziyadqızı – poeportretdən fraqmentlər, yaxud klassisizm və çağdaş poeziyanın birgə qaynağından öz üslubunu yaradan, pərvanətək sözün əbədi şöləsində yanmağı ölməz həyat hesab edən şairə!
Sözə müqəddəs məbəd kimi yanaşıb, sözün qarşısında diz çökməyi özünə şərəf sayıb ki, bu inancını “Ey əş’ari söz” qəzəlində bariz sərgiləyir.
Söz– O məhtab ki, diz üstə düşək daməninə,
Qəlbə ayinə tuta, çünki o da hücrəlidir.
Fəcri-sadiqdən ala nuru, təcəllayə gələ,
Sözün ol qüdrəti aya, nə qədər cilvəlidir, – deyərək, sözə nə qədər ilahi bir anlam yükləsə də, insanın sözdən daha yüksəkdə durduğunu aşağıdakı beytdə vurğulayır:
Sözə aludə ikən varlığı inkar eləmə,
Əvvəl Adəmdi gələn, söz ki dəhan cövhəridir.
Şairənin çoxşaxəli yaradıcılığı onun poetik ruhunun, dərinliyindən, impulsiv, emosianal və estetikasından xəbər verir. Bir şəhid şeirində söylədiyi kimi:
Dərdin də öz bəstəsi,
Layla dillisi varmış.
Yandırıb dağı-daşı,
Səcdəyə qaldırırmış.
“Lay-lay balam, a lay-lay
Körpə balam a lay-lay”
Bu yarımçıq ömrünə,
Hansı libası biçək.
Sən şəhid şərbətini,
Biz əsilsiz vədlərin
Yalan andını içək, – deyən şairə xanım Vətənin yaraları ilə birlikdə Azərbaycançılığın da Türkçülüyün də bir ad altında birləşib, ulu bir ehram olacağını sarsılmaz bir ümidlə öz qələmində “Türkün səsi” adlı şeiri ilə möhürləyir:
Sönməz bir günəşəm, əbədiyyətəm,
Şərqindən qərbinə barış xəttimdir.
-Yarasa gözlülər, elə sanmayın!
Qürubum, batışım nəhayətimdir.
Ruhumun cövhəri o, Çingizxandan,
Basılmaz qüdrətim, boz qurddan gəlir.
Türkəm, nə’rəsində aslanlar yatan,
Soyum, Oğuzxandan, Qorquddan gəlir.
O, həm bu xalqın kökünün daha ulu olduğunu və zamanla Türkün qalibiyyətinin zəncirvari ardıcıllığını sıralayır. Şairin poeziyanın bütün janrlarına müraciəti və aldığı nəticələr heyranedicidir. “Azadlıq doğulur xərabələrdən” şeirində şairə zamanının ağrılarını dilə gətirir:
İnsanlıq doğulub nəfəs alacaq,
Qılınclar qınına qoyulan gündən.
Əzablı yolların yolçularıyıq,
Azadlıq doğulur xərabələrdən.
“İtib-batmaq üçün doğulmamışam”
Qayadan çınqıyan iti, sərt daşam.
Darayıb vətənin saçın hörəndə,
Ayaqlar altında tapdanmamışam!– deyərkən də özünü yox, istibdadın pəncəsində qandallanan Xəlil Rza Uluturkün daxilən kükrəyən azadlıq hayqırışını öz daxilindən keçirərək qələmə alıb.
Şairə “Dustaq qələmlər” adlı şeirində Zindan həyatı yaşayan şair və ədibləri sadalamaqla Xəlilin də zundan adlı ehkamına etiraz edir.
Xəlilin ruhunda çırpınır üsyan,
Nifrəti susdurur “canavarları”
Duyğular qabarır dəli dalğatək,
Yıxır göz önündən daş divarları.
Qələm gözlərindən, silah qınından,
Azadlıq…hayqırıb qan çiləyəndə,
Yazır “Lefortovo gündəliyini”,
Qandal ayağında, “Vətən” dilində.
Zemfira Ziyadqızı dövrünün ziyalısı kimi tarixi məsuliyyətini dərk edərək öz yaradıcılığında tarixi dönəmlərə, və faktlara dəqiq nöqteyi-nəzərdən, sağlam düşüncə ilə yanaşır, hadisələri düzgün mühakimə edir. Bu dərketmə qabiliyyətini tanrı ilə bağlayıb məsnəvi janrında yeni yazdığı “Hikmətnamə” əsərində belə deyir:
Dahilər ucaltmış söz məbədini,
Nəsillər gətirsin nəhayətini.
Bir zərrə xidmətim var isə yəqin,
Bu böyük lütfüdür uca xaliqin.
Bir zərrəm qarışsa söz xəznəsinə,
Kəbətək dönərəm hər qətrəsinə.
Düşsəm kandarına qum danəsitək,
Ruhum məcazından xanə hörəcək.
“Yaquar pəncəsi” poemasından kiçik parçalarla çıxarış edərək diqqətinizə çatdırmaq istəyirəm.
Tanrı insan yaratdı hökmünün qüdrətiylə,
İnsan dünya yaratdı ağlının siqlətiylə.
Poemadan iki misranı önə çəkməklə şairənin ruhunun ilahi qüdrətdən güc aldığını, ruhuna çökən qəm yükünü ilahi söz nurunda cilaladığının şahidi oluruq. Ona verilmiş bu söz səltənətini Rəbbinin ona böyük lütfü sayır, sözə poeziya adlı musiqi bəstələyir, sözə tapınır, sözün işığında qəlbən, fikrən təmizlənir, nirvaniləşir. Onun şeirləri ilə baş- başa qalınca gözünün önündə sinema zalı canlanır sanki. Ruhun, varlığın sözün sehrində əriyib itir. Hadisələr real bir şəkildə sənin ətrafında cərəyan edir kimi dalırsan. Şairin, poeziyanın bütün janrlarına müraciəti və aldığı nəticələr heyranedicidir. Onun oxucu kütləsinə təqdim etdiyi “Yaquar pəncəsi”— “Kainatın doğuşu”, “Xosrov və Şirin”, “Şəhid balası”dan sonra 4-cü poemasıdır.
“Yaquar pəncəsi” “Yaradılış”ın məsnəviyə çəkilmiş nəzmidir. Qeyd edim ki, “Yaradılış” kitabında bu hadisələr 5-10 misralıq kiçik hekayələr kimi yazılsa da, Zemfira Ziyadqızı öz təxəyyülündə, onun obraz dilini məsnəvi şirinliyində, hadisələrə geniş format verərək yazıb. Əsər boyunca şairin bütün söz ehtiyatının nəhrini görmək mümkündür. Adəm və Həvvanın yaranışından taki Qabilin Habili öldürdüyünə qədər ən kiçik detallarına qədər dəqiqliklə işlənmiş bu əsərdə, “Yaquar”ın yəni Nəfs”in insanın qəlbinə atdığı pəncədir ki, şeytan ilk nəfs toxumunu Həvvanın qəlbinə əkdi. Həvva nəfsinə yenik düşüb, buğda ağacının meyvəsini yeməklə öz nəslini əbədi həyatdan, ucunda ölüm olan bir həyata sürüklədi. Zemfira Ziyadqızının poemaya verdiyi bu kiçik proloqda bütün əsərin fəsil-fəsil ardıcıllıqla açılan kodları var.
Nəfs (proloq)
Fələk dərs çıxarmayır,
Zamanın gərdişindən.
Səpir fitnə toxumu,
Əl çəkməyir işindən.
Kainatın ən ali,
Varlığı olan insan.
Elə öz düşmənidir,
Əzəl başdan binadan.
Doğru bir deyim vardır,
“Yaquar pəncəsində”.
Insan ölüb gedəcək,
Nəfsinin kölgəsində.
Bu geniş kainatı,
Özünə dar biləcək.
Tamah tutacaq yerin,
Nəfs ağılı siləcək.
Özün hesab edəcək,
Zamanın hökmüdarı.
Vaxtı gəlib çatanda,
Zaman kəsər qərarı.
Şair “Söz məbədi” və “Məhbus kağızlar” adlı şeirində isə dahilərin ucaltdığı müqəddəs məbədi məddah qələmlərdən qorumağa çağırır:
Tarix yanlışı sevməz,
Söz məbədi uludur.
Dili, ana dilimdir.
Dili, Nizami dili,
Dərdi, Füzuli dərdi,
Dərki, Nəsimi dərki,
Məcazı, Sabirindir.
Qeyd etməliyəm ki, poemanı oxuyarkən əzəldən əxlaq kodeksinin torpaq xüsusiyyətlərinə bənzəri göz önündədir. Həvva nəfsinə, Adəm Həvvaya yenilir. Sərt qaya da nə qədər sərt olsa belə, suya yenilib əriyir. Tanrı qəzəblənib Adəm və Həvvanı cənnətdən qovur.
Kədər içində Adəm,
Ətrafa saldı nəzər.
Gördü o gözəl bağdan,
Qətiyyən yox bir əsər.
Tikanlı alaq otu,
Bürümüş hər tərəfi.
Qəlbi yanlb göynədi,
Yadına düşdü səhvi.
Dedi aldanmasaydım,
Həvvanın göz yaşına.
Bu əzab, əziyyətlər,
Gəlməz idi başıma.
Artıq kəsilən cəzaya uyğun bir həyatın ssenarisini şair öz təfəkkürünə istinadən axına uyğun şəkildə izaha buraxır.
Onların çoxlu sayda,
Uşaqları doğuldu.
İlk oğlunun adını
Sevərək Qabil qoydu.
Törəyib artdı insan
Aradan keçdi bir il.
İkinci uşaq oldu,
Dünyaya gəldi Habil.
İblisin ən güclü silahı paxıllıq hissinin insanlığı baltaladığının addım-addım şahidi oluruq.
Şeytan yoldan çıxarıb,
Nəfsinə etdi kölə.
Verdi qəti bir qərar,
Gərək ki Habil ölə.
Yerdən bir daş götürüb,
Vurdu onun başına.
Qətiyyən rəhm etmədi,
Öz doğma qardaşına.
Bununla insan oğlu,
Törətdi ilk cinayət.
Gələcək nəsillərə,
Edəcəkdi sirayət.
Sanki şair zaman arasındakı məsafə kəsiyini aradan götürmüş və keçmişlə bu günümüzü tərəzinin gözlərinə qoyub mizanı yoxlayır və “hələ də həmin ilk-i yaşayırıq” deyir.
Çiynindən yerə qoydu,
Qatil öz qurbanını.
Bircə tez azad olub,
Qurtaraydı canını.
Əliylə qazdı çala,
Qəlbi yandı ağladı.
Cəsədi ora qoyub,
Üstünü torpağladı.
Şair insanın hər çirkin əməlindən sonra peşimanlıq hissi keçirdiyini, anlıq bir duyğumu, ya paxıllığın fərarının gözü kor etməsimi? – deyə yenə də günahları o saf ruhumuza libas biçilən torpaq cismimizin ayağına yazır.
Adəm çox əlləşsə də
Bu dərdiylə baş-başa.
Yenə inanmamışdı
Qardaş qıyar qardaşa.
Çalışırdı bu fikri,
Atmaq üçün başından.
Hər an dolaşıb durur,
Çıxmırdı yaddaşından.
Yaradılışı nəzərən öz təcrübəsindən keçirib, yazanda da sanki ruhən o zamana qayıdır və hadisələrə öz baxış bucağından yanaşır. O cərəyanın içinə düşür və hələ də şeytanın vəsvəsəsində törədilən qanlı müharibələri insan zəkasının “Bermud üçbucağı” hesab edir.
Qabilin gözlərinə baxınca üzündə yazılan günahını görən Adəm Qabili lənətləyib evdən qovur.
Qabili lə’nətlədi,
Dedi indi get yaşa.
Günahkar vicdanınla,
Bir ömürlük baş-başa.
Çəkil get uzaqlara,
Şəninə saldın ləkə.
Bir daha yol vermərəm,
Kimsə zülmünü çəkə.
9 cu fəsildə Tanrı Yehova qadağan olunmuş ağacın sirrini açır.
Indi deyim bilin siz,
Nədən, o meyvəni mən.
Yasaq edib ayırdım,
Bağdakı meyvələrdən?
“Qadağandır” sözünü,
Deməsəydim insana.
Iradə anlayışı,
Çixmaz idi meydana.
Deyərək əslində insanı öz hisslərini tanımağa, həyata, hər cür mübarizəyə hazırlayır.
Adəm duyub anladı,
Tanrı mükəmməldi çox.
Əslində bu ağacın,
Başqasından fərqi yox.
Tanrı istəmiş insan,
Öyrənsin duyğuları.
“Qadağan” sözüylə o,
Oyandırmış marağı.
Əsəri oxuduqca şairin söz ehtiyatının daha dərin qatlarına enib sözdən ucaltdığı ehrama heyrət duymamaq mümkünsüzdür.
Son fəsil – Epiloq poemanın adının hardan gəldiyini və həqiqi mənasının kodlarını açır nəhayət.
Bayquş boylanıb baxdı,
Insanın daxilinə.
Dedi insan ömürlük,
Əsir düşüb nəfsinə.
Içində yaranıbdır,
Nəfs adında bir quyu.
Doldura bilməyəcək,
Çalışıb ömrü boyu.
Nəfs adında o pələng,
Qəlbə atıb pəncəsin.
Insana ömrü boyu,
Çəkdirər işgəncəsin.
Poemaya bu kiçik fraqmentlərlə toxunaraq sizləri tanış etməyə çalışdım. 10 fəsil boyunca məsnəvinin bütün çalarlarını nəfisliklə işləyən şairənin bu böyük poeması və 5 fəsildən ibarət “Xosrov və Şirin” poeması onun poeziyasının möhtəşəm portreti kimi müasir ədəbiyyatımıza töhfəsidir.
MƏTANƏT DUYĞULU
şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü