Kamran Məmmədovun “Təfsir” adlı fərdi sərgisi açılıb
Kamran Məmmədovun “Təfsir” adlı ilk fərdi rəsm sərgisi İçərişəhərdə açılıb.
“İNFONEWS” xəbər verir ki, təsviri sənət həvəskarları və biliciləri Kamran Məmmədovun əl işləri ilə martın 10-dək tanış ola bilərlər. Ekspozisiyaya 45-dən çox orijinal əsər daxil edilib.
Peşəkar və qeyri-peşəkar rəssamlar arasında sərhəd olduqca nazikdir. Çünki öz baxışlarını və hisslərini obraz yaratmaq vasitəsilə ifadə edən artıq rəssamdır. Kamran Məmmədovun da həyatında belə olub, o, əvvəllər neft-qaz sahəsində ekspert kimi tanınıb, Azərbaycan Dövlət Neft Akademiyasının məzunu olub. Azərbaycanda, Qərbi Afrikada və Rusiyada müxtəlif beynəlxalq iş təcrübəsinə malikdir. Kamran Məmmədovun maraq dairəsinə incəsənət tarixini, görkəmli rəssamların ömür yolunu daim öyrənmək, muzeylərdə olmaq, aparıcı qalereyaların yenilikləri ilə tanışlıq daxildir. O, özü üçün müasir incəsənətin nəzəriyyəsi və fəlsəfəsi sahəsində biliklərinin genişləndirilməsi üzrə dəqiq planlar müəyyən edib. Əsərin mənasını “daxildə” gizlətməyə çalışan digər rəssamlardan fərqli olaraq Kamran onu nümayiş etdirir.
Kamran Məmmədovun rəsmlərinin süjeti olduqca qeyri-adi, orijinal formada təqdim olunub: burada avanqardlığın parlaq rəngləri də, ekspressionizm, fovizm kimi müxtəlif elementlərin sinerjisi də yer alıb ki, bu da rəssamın reallığa yeni baxışlarını təşkil edir. Kamran təkcə tamaşaçının qabaqcadan əmələ gəlmiş yanlış fikirlərinə meydan oxumur, həm də intuitiv reaksiyanı təhrik edir və çağırır. Rəssamın əsərlərində təkrarolunmaz işıq dramaturgiyası, mürəkkəb dekorasiyalar və süjet tamaşaçıya fantaziya üçün geniş meydan açır.
Rəssam tamaşaçını “rəssamlıq aktı”nın tamhüquqlu iştirakçısı hesab edir, əsərin məna mərkəzini rəsmin daxilinə deyil, təsvir ilə ona tamaşa edən arasındakı boşluğa yerləşdirir. Kamran tamaşaçıya rəsmi təqdim edərkən ondan heç nə tələb etmir, ona şərhçi sərbəstliyi verir.