Azərbaycanın “Yaşıl enerji”yə keçid strateqiyası – COP29 Azerbaijan
“İNFONEWS” təqdim edir:
AZƏRBAYCANIN “YAŞIL ENERJİ”YƏ KEÇİD STRATEQİYASI
Dünyanı narahat edən qlobal problemlərdən biri də İqlim dəyişmələridir. İqlim dəyişiklikləri və onların canlı aləmə təsiri dünya birliyini getdikcə daha çox narahat etməkdədir. Qeyri-sabit hava şəraiti tək Azərbaycanda deyil dünyanın bir sıra ölkələrində hiss olunmaqda və problemlər yaratmaqdadır
Bu problemlərə diqqətin artması özünü bir sıra beynəlxalq tədbirlərin, o cümlədən elmi və praktiki konfransların keçirilməsində göstərir. 1992-ci ildə Braziliyanın Rio-de-Janeyro şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) Ətraf Mühit və İnkişaf Konfransında iştirak edən dövlət və hökumət başçıları atmosferə atılan tullantıların əhəmiyyətli dərəcədə azaldılmasını təmin edəcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasını qəbul etdilər. Bu, həqiqətən də tarixi qərar idi, çünki dövlət və hökumət rəhbərlərinin əksəriyyəti ilk dəfə olaraq bəşəriyyətin təsərrüfat fəaliyyətinin dəyişdirilməsi zərurətini dərk edərək, zərərli fəaliyyəti məhdudlaşdırmağı nəzərdə tuturdu.
Nəhayət, 2015-ci ilin dekabrında Parisdə COP21-də iştirakçı ölkələr demək olar ki, yekdilliklə yeni İqlim Sazişini qəbul etdilər. 2016-cı ilin noyabrında Mərakeşdə keçirilən COP22 iqlim dəyişikliyinin yumşaldılması və antropogen təsirlərin azaldılması üçün bu Sazişin həyata keçirilməsi qaydalarının işlənib hazırlanması məqsədilə yol xəritəsini qəbul etdi. 200 ölkə yekdilliklə qəbul etdiyi birgə bəyannamə ilə İqlim Sazişinə sadiqliklərini və öhdəliklərini yerinə yetirməyə hazır olduqlarını bir daha təsdiqlədi
Azərbaycanda İqlim şəraiti
Qlobal iqlim dəyişikliyi ilə mübarizədə xüsusi fəallığı ilə seçilən Azərbaycan dünyanın prioritet elan etdiyi “yaşıl keçid” platformasının da əsas iştirakçılarındandır. Elə 2016-cı il aprelin 22-də Birləşmiş Millətlər Təşkilatının Mənzil Qərargahında qurumun İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris Razılaşmasına imza atan 171 ölkədən birinin məhz Azərbaycan Respublikası olması da bunun bariz nümunəsidir. Paris sazişinə əsasən, ölkəmiz baza ili kimi müəyyənləşdirilən 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasına dair öhdəlik götürüb.
Eyni zamanda, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetdən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Azərbaycanın təmiz ətraf mühit və yaşıl artım ölkəsinə çevrilməsi üçün isə imkanları yetərincədir. Belə ki, əlverişli coğrafi mövqeyi və iqlim şəraiti ilə seçilən ölkəmiz bərpaolunan enerji mənbələri ilə zəngindir. Mütəxəssilərin hesablamalarına görə, Azərbaycanın quru ərazisində 37 qiqavatlıq külək və günəş enerjisi, Xəzər dənizinin Azərbaycan sektorunda isə 157 qiqavatlıq külək enerjisi imkanları mövcuddur. Bütövlükdə isə, ölkəmizin bərpaolunan enerji sahəsində potensialı 200 qiqavata yaxın qiymətləndirilir.
COP-29 və Azərbaycan
Bütün bunlar Azərbaycanın dünyanın etibarlı “yaşıl enerji” tərəfdaşı kimi mövqeyini gücləndirir. Elə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyinin ölkəmizə həvalə edilməsi də bu inam və etibardan irəli gəlir. COP29-un Bakıda keçirilməsinə dair qərar son illər iqlim problemləri ilə qlobal mübarizənin ön sıralarında olan ölkəmizin bu sahədə göstərdiyi uğurlu fəaliyyətə verilən beynəlxalq qiymətin təzahürüdür. Bununla yanaşı, dünya birliyinin belə bir mötəbər beynəlxalq tədbirə ev sahibi kimi məhz Azərbaycanı seçməsi, həm də ölkəmizin son illər Cənubi Qafqaz regionunun iqtisadi, siyasi və humanitar mərkəzi rolunda çıxış etməsindən irəli gəlir. Yeri gəlmişkən. bu məqam Prezident İlham Əliyevin 2023-cü il dekabrın 25-də imzaladığı Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında sərəncamında da öz əksini tapıb. “BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir”, – deyə sənəddə qeyd olunub.
Göründüyü kimi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi ilə bağlı qərar xalqımız üçün olduqca qürurverici bir hadisədir. Bu tədbiri, həm də ölkəmizin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirmək olar. Azərbaycan Prezidentinin sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi isə bu missiyaya verilən dəyərin təsdiqidir. Göründüyü kimi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi ilə bağlı qərar xalqımız üçün olduqca qürurverici bir hadisədir. Bu tədbiri, həm də ölkəmizin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirmək olar. Azərbaycan Prezidentinin sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi isə bu missiyaya verilən dəyərin təsdiqidir.
Sevinc MƏMMƏDOVA,
Azərbaycan Dövlət İqtisad Universiteti(UNEC)
“İqtisadiyyat və idarəetmə” fakültəsi, tələbə