“Faktlara dayanan TARİXİMİZ”- “…bu yükü öz üzərimə götürmüşəm. Çünki…”
“İNFONEWS”– un “Faktlara dayanan TARİXİMİZ” layihəsini Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) “Humanitar fənlər” kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru, beynəlxalq tarixçi-ekspert Cəmilə Vaqif qızı Həsənova təqdim edir:
“Mən Azərbaycan Respublikasının bu ağır dönəmində bu yükü öz üzərimə götürmüşəm. Çünki…”
1991-ci ilin oktyabrında Azərbaycan özünün itirilmiş müstəqilliyini yenidən bərpa etdi. Bu, çox böyük bir tarixi hadisə, xalqımızın həyatında yeni bir dönüş nöqtəsi idi. Biz yenidən bir çox xalqlar kimi azad və müstəqillik şəraitində yaşamaq, müstəqil dövlətimizi yaratmaq imkanı əldə etdik. Dünya dövlətləri sırasına çıxmaq, Azərbaycanın adını, Azərbaycan dövlətini dünyaya tanıtmaq imkanı qazandıq. Lakin təəssüflər olsun ki, uzun illər həsrətində olduğumuz müstəqilliyin ilk illərində ağır, məşəqqətli günlərlə rastlaşdıq. 1991-1993-cü illərdə çox böyük çətinliklər, bəlalarla üz-üzə dayandıq. Qarışıqlıq, anarxiya, xaos, hətta müstəqilliyimizi itirmək təhlükəsi ilə üzləşdik. Hətta, 1993-cü ilin iyununda ölkədə vətəndaş müharibəsi, qardaş qırğını təhlükəsi yarandı. Belə bir şəraitdə nəinki müstəqilliyimizin itirilməsi, bütövlükdə Azərbaycanın dünyanın xəritəsindən silinmək təhlükəsi meydana çıxdı. Bu zaman ölkənin güclü bir liderə ehtiyacı yarandı. Böyük çaşqınlıqlar içərisində qalan xalq hansı səmtə gedəcəyini bilmirdi. Belə bir şəraitdə xalq üzünü Heydər Əliyevə tutdu. Çünki xalq başa düşürdü ki, onu bu çətin və ağır vəziyyətdən yalnız Heydər Əliyev kimi bacarıqlı, uzaqgörən, qətiyyətli bir rəhbər çıxara bilər.
Beləliklə, Heydər Əliyevin xalqın təkidli tələbi və xahişi ilə yenidən hakimiyyətə qaydışı Azərbaycan tarixinin, bərpa edilmiş müstəqilliyimizin yeni bir dövrünün əsasını qoydu, Azərbaycan xalqı, Azərbaycan dövlətçiliyi, müstəqilliyimiz xilas edildi. Ayrı-ayrı siyasətbazların milli taleyimizlə pərdəarxası oyunlarına, siyasi anarxiya və eksperimentlərinə son qoyuldu.
Xalqın məhz Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gətirilməsi heç də təsadüfi deyildi. Çünki həmin dönəmdə Heydər Əliyev blokada şəraitində olan Naxçıvan MR-i müvəffəqiyyətlə idarə edirdi. Onun rəhbərliyi altında Muxtar Respublikada dövlət quruculuğu, hakimiyyət və idarəetmənin təkmilləşdirilməsi sahəsində mühüm işlər görüldü. Mövcud siyasi böhran aradan qaldırıldı. İqtisadi islahatlar keçirildi, sahibkarlığın inkişafı üçün müəyyən şərait yaradıldı. Hərbi quruculuq məsələlərinə xüsusi diqqət yetirildi. Keçmiş sovet ordusunun bu ərazidəki bütün silahları və texnikası alınıb Milli Ordu hissələrinə verildi. Xalq bunu görərək öz xilaskarını məhz Heydər Əliyevdə görmüş oldu.
Gəncədə 1993-cü il 4 iyun qiyamı vəziyyəti daha da ağırlaşdırdı. Ölkə vətəndaş müharibəsinə sürükləndi. Bununla yanaşı xalqın sağlam qüvvələrinə arxalanan Qurtuluş hərəkatı meydana gəlir və sürətlə genişlənirdi. Bu hərəkat zamanın böyük siyasətçisi Heydər Əliyevin ətrafında toplaşırdı. Xalqın nümayəndələri, qabaqcıl ziyalılar dəfələrlə Naxçıvana gedib onun yenidən böyük siyasətə qayıtmasını xahiş etmişdilər. 1992-ci il oktyabrın 16- da Azərbaycanın 91 nəfər nüfuzlu ziyalısı Heydər Əliyevə Qurtuluş hərəkatına rəhbərlik etməsi barədə rəsmi müraciət etdi. Yeni Azərbaycan uğrunda siyasi hərəkat genişlənirdi.
1993-cü il iyunun 15-də Heydər Əliyev Bakıya gələrək Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi.
“Mən Azərbaycan Respublikasının bu ağır dönəmində bu yükü öz üzərimə götürmüşəm. Çünki mən Azərbaycan xalqıma, vətəndaşlarıma, öz millətimə xidmət etmək istəyirəm. Mən bütün bu terrorların qarşısında durmuşam və bundan sonra da duracağam, Azərbaybaycanı qoruyuram və son nəfəsimə qədər qoruyacağıma söz verirəm” ,- bu sözləri Ümummilli lider Heydər Əliyev Milli Məclisdə öz çıxışı zamanı qeyd etmişdir.
İyunun 20 də bütün həqiqətləri yerli və xarici jurnalistlərə çatdırmaq üçün Brifinq keçirtdi. İyunun 21-də isə bir sıra ölkələrin diplomatları ilə görüşdü. Bununlada ölkəni informasiya blokadasından çıxartdı. Dünyada ölkəmizlə bağlı formalaşan fikirləri müsbət yöntə dəyişdi. Məhz bu mürəkkəb şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli liderin şəxsiyyəti, onun özünəməxsus siyasəti idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti, uzaqgörənliyi, şəxsi nüfuzu böhrana son qoydu. Xalqımız Azərbaycan, Azərbaycançılıq ideaları ətrafında birləşdi. Azərbaycan Hüquqi Dövlət kimi inkişaf etməyə başladı.
Bu il tariximizə “15 iyun Milli Qurtuluş Günü” kimi daxil olan tarixi günün artıq 31-ci il dönümünü qeyd edirik.