Prezidentin İşlər İdarəsinin tabeliyində olan “Azərbaycan Nəşriyyatı” MMC 2023-cü ili 1,61 milyon manat zərərlə başa vurub. Halbuki, Nəşriyyat 2022-ci ildən 29,921 milyon manat mənfəətlə çıxmışdı.
“İNFONEWS” – un Şirkətin maliyyə hesabatından əldə etdiyi məlumatında bildirilib ki, ötən il “Azərbaycan Nəşriyyatı”nın gəlirləri 5,698 milyon manat (əvvəlki ilə nisbətən 6,5 dəfə az), xərcləri isə 7,308 milyon manat (2 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Azərbaycan Nəşriyyatı”nın aktivləri 33,135 milyon manat olub ki, bu da illik müqayisədə 4,9% azdır. Hesabat dövründə qurumun öhdəlikləri 10,3 % azalaraq 942 min manata, balans kapitalı isə 4,8 % azalaraq 32,194 milyon manata düşüb.
Xatırladaq ki, Nazirlər Kabineti 2022-ci ilin yanvarın 15-də “Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 11 oktyabr 2018-ci il tarixli qərarında dəyişiklik edib. Bununla bağlı Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən, “Azərbaycan Nəşriyyatı”nın təşkilati-hüquqi forması dəyişdirilib, nəşriyyat kommersiya qurumuna çevrilib və 4,079 milyon manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınıb.