Şuşada – Mədəniyyət paytaxtımızda növbəti Vaqif Poeziya Günləri
İyulun 18-də Şuşa şəhərində Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi önündə Vaqif Poeziya Günlərinin açılışı olub.
“İNFONEWS” xəbər verir ki, Vaqif Poeziya Günləri Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilir.
Açılış mərasimində dövlət və hökumət rəsmiləri, respublikanın tanınmış elm və mədəniyyət xadimləri, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvləri, gənc yazıçılar, şairlər, eləcə də ilk dəfə olaraq yerli sakinlər iştirak ediblər.
Açılış mərasimində Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev çıxış edərək Şuşada belə bir möhtəşəm tədbirdə iştirakdan məmnun olduğunu söyləyib. Bildirib ki, builki Vaqif Poeziya Günləri bir çox mühüm əlamətdar hadisələrlə üst-üstə düşür: “İlk olaraq onu qeyd edim ki, builki tədbir Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü tam bərpa edildikdən və Qarabağ savaşında yekun Qələbə qazanılandan sonra keçirilən ilk poeziya bayramıdır. Bundan əlavə, Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunub. Bu il, həmçinin dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 530, Azərbaycan Yazıçılar Birliyinin isə 90 illik yubileyləri qeyd olunur. Builki şeir bayramında AYB-nin 100-dən çox üzvü iştirak edir”.