Xalq artisti İlhamə Quliyevanın xatirə gecəsi keçiriləcək
Oktyabrın 22-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) nəzdindəki Opera Studiyasında müasir Azərbaycan estrada sənətinin tanınmış nümayəndələrindən biri, mərhum Xalq artisti İlhamə Quliyevanın xatirə gecəsi təşkil olunacaq.
“İNFONEWS” – a BMA-nın mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə adı Azərbaycan musiqi mədəniyyətinə qızıl hərflərlə yazılan Xalq artistinin dillər əzbəri olan mahnılarının səsləndirilməsi ilə yanaşı, xatirəsi anılacaq.
Milli musiqimizin inkişafında böyük xidmətlər göstərmiş bir ailənin nümayəndəsi olan İlhamə Quliyeva, bütün fəaliyyəti dövründə müasir musiqi mədəniyyəti xəzinəmizin zənginləşməsinə böyük əmək sərf edib. O, görkəmli Azərbaycan bəstəkarlarının bir çox mahnılarının ilk və mahir ifaçısı kimi tanınıb. İ.Quliyeva milli musiqimizi nəinki Azərbaycanda, hətta ölkəmizin hüdudlarından kənarda təşkil olunan konsert proqramlarında uğurla təmsil edib. O, səhnəyə qədəm qoyduğu ilk vaxtlardan milli ifaçılıq məktəbinin zəngin ənənələrini davam etdirməklə yanaşı, həm də Azərbaycan estrada sənətinə yeni nəfəs bəxş edib. Mərhum sənətkarın müasir Azərbaycan musiqi mədəniyyətinin inkişaf etdirilməsində olan xidmətləri hər zaman dövlətimiz tərəfindən yüksək qiymətləndirilib.
Qeyd edək ki, saat 19:00-dan 21:00-dək davam edəcək xatirə gecəsinə biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.