Xalq artisti Mirzə Babayevin xatirə gecəsi keçiriləcək
Dekabrın 21-də Beynəlxalq Muğam Mərkəzində müasir Azərbaycan estrada sənətinin tanınmış nümayəndələrindən biri, “Şöhrət” ordenli və bir çox mükafatların laureatı, mərhum Xalq artisti Mirzə Babayevin yaradıcılığına həsr olunmuş xatirə gecəsi təşkil ediləcək.
“İNFONEWS” – un Mərkəzin mətbuat xidmətindən əldə etdiyi məlumata görə, “Düşürsən yadıma” adlı konsert proqramında Azərbaycan estradasının korifeylərindən sayılan Xalq artistinin dillər əzbəri olan “Liman”, “Saçlarına gül düzüm”, “Sən uzaq, yaşıl ada”, “Kimlər gəldi, kimlər getdi”, “Kəpənək”, “Zəfəran”, “Gəlmədin”, “Düşürsən yadıma”, “Gilavar”, “Zibeydə”, “Ay qız” və s. mahnılarının ölkəmizin tanınmış mədəniyyət və incəsənət nümayəndələri tərəfindən səsləndirilməsi ilə yanaşı, xatirəsi anılacaq.
Mirzə Babayevin ömür kitabını vərəqlədikcə gözlərimiz qarşısında xalqımızın musiqi tarixinin unudulmaz bir dövrü canlanır. Görkəmli estrada ifaçısının Tofiq Quliyev, Emin Sabitoğlu, Rauf Hacıyev və digər bəstəkarlarla birgə yaratdığı mahnılar musiqi mədəniyyətimizin parlaq incilərindəndir. Onun repertuarında xarici ölkə xalqlarının mahnıları da yer alır. İstedadlı müğənni vokal sənətinin incəliklərinə yiyələnərək ürəyəyatımlı səsi, gözəl ifa tərzi, dərin musiqi duyumu və yüksək səhnə mədəniyyəti ilə qısa müddətdə tamaşaçıların böyük rəğbətini qazanıb. İfaçı eyni zamanda 30-dan artıq filmdə rol alıb. O, müxtəlif illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin estrada orkestrində, Azərbaycan Dövlət Filarmoniyasında, Azərbaycan Dövlət Konsert Birliyində çalışıb. Görkəmli estrada müğənnisi dünyanın bir çox ölkələrində yüksək ifaçılıq məharəti ilə Azərbaycanın musiqi sənətinin təbliğatçısı kimi çıxış edərək, milli estrada musiqimizi çox-çox yüksəklərə qaldırıb. Mirzə Babayev aktyor kimi də müxtəlif rolları yüksək peşəkarlıqla ifa etməsi və bənzərsiz səsi ilə kino tariximizin qızıl səhifələrini yazıb. “Kölgələr sürünür”, “Qaraca qız”, “Sən niyə susursan”, “Dəli Kür”, “Dərviş Parisi partladır”, “Qorxma, mən səninləyəm”, “Bəyin oğurlanması” filmlərindəki epizodik rolları tamaşaçının yaddaşına əbədi həkk olunub. Onun bənzərsiz ifası obrazların daha qüvvətli alınmasına əhəmiyyətli dərəcədə təsir göstərib. “O olmasın, bu olsun” filmində Məşədi İbadın mahnılarını M.Babayev oxuyub. “Onu bağışlamaq olarmı?” filmində Tərlanın mahnısı hər birimizin qəlbindədir. Ensiklopedik biliyə malik olan M.Babayevin fəaliyyətində, şübhəsiz, əsas yeri müğənnilik tutur. Çox məhsuldar yaradıcılığa malik sənətkarın 1998-2002-ci illərdə 3 diski çıxıb, 1999-cu ildə isə Heydər Əliyev Sarayında solo konserti olub. Mirzə Babayev 2003-cü il yanvarın 13-də, ömrünün 90-cı ilində dünyasını dəyişib. Onun milli musiqi mədəniyyəti sahəsindəki xidmətləri yüksək qiymətləndirilərək, ən yüksək fəxri adlara, həmçinin bir sıra orden və medallara layiq görülüb. İllər, qərinələr keçəcək, lakin unudulmaz estrada ulduzu M.Babayevin zəngin musiqi irsinin şölələri heç vaxt sönməyəcək. Bu böyük sənətkarın yaradıcılığından neçə-neçə nəsillər bəhrələnəcək.
Qeyd edək ki, saat 19:00-dan 20:30-dək davam edəcək xatirə gecəsinə biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.