İnklüziv mədəni tədbir keçirilib – “YENİ İLİN SEHRLİ ULDUZLARI”
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının birgə təşkilatçılığı ilə Yeni il bayramına həsr olunmuş “Yeni ilin Sehrli Ulduzları” adlı inklüziv mədəni tədbir keçirilib.
“İNFONEWS” xəbər verir ki, tədbirdə Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədrinin müşaviri Vüqar Əliyev çıxış edərək uşaqları bayram münasibətilə təbrik edib, dövlətin əlilliyi olan uşaqlara və cəmiyyətin digər həssas kateqoriyasından olan şəxslərə göstərdiyi diqqət və qayğısından bəhs edib.
İxtisaslaşmış Sosial Xidmət Mərkəzlərində sosial reabilitasiya proqramına cəlb olunan uşaqların və onların valideynlərinin, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün sosial xidmət müəssisələrinin sakinlərinin iştirak etdiyi tədbirdə Sosial Xidmət Mərkəzlərinin “Parla” inklüziv-mədəni kollektivinin, 1 saylı uşaq evi sosial Xidmət müəssisəsinin “Azəri mahnı və rəqs” kollektivinin üzvlərinin və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının “Sədəf” Xalq Çalğı Alətləri ansamblı, “Uşaq Folklor mahnı-rəqs ansamblı” nın ifasında müxtəlif musiqi nömrələri, bədii qiraət və s. özündə əks etdirən fəaliyyətlər nümayiş olunub.
Bir-birindən maraqlı, rəngarəng mahnı və rəqslər həm balacaların özlərinə, həm də onları izləyən həmyaşıdlarına və digər tamaşaçılara böyük sevinc hissi yaşadıb.