MİLLİ KİMLİYİN RƏMZİ: HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN DİLİNİN TƏRƏQQİSİ

MİLLİ KİMLİYİN RƏMZİ: HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN DİLİNİN TƏRƏQQİSİ

Dilimizə qarşı olan sıxışdırmaların xalqımız üçün  gətirəcəyi geri dönüşü olmayan fəsadları uzaqgörən  ümummilli liderimiz Heydər Əliyev sezir və rəhbər vəzifəyə gələn kimi bunun üçün dövrün çətinliyinə baxmayaraq fəal addımlar atır. O, Azərbaycan dilini dövlət dili səviyyəsinə qaldırmağı və qorumağı bacarır.

                                                     “Dilini qorumaq xalqın milli mənəviyyatını qorumaq deməkdir.”

                                                                                                                                                     Heydər ƏLİYEV

“İNFONEWS” təqdim edir:

MİLLİ KİMLİYİN RƏMZİ: HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN DİLİNİN TƏRƏQQİSİ

Aqillər deyib ki, xalqın, millətin nəyini əlindən alırsansa al, o yaşayacaqdır. Dilini əlindən alsan, o, milli varlığını itirər, yox olar. Bu, tarixin ortaya qoyduğu bir həqiqətdir. Dil- millətin mənəviyyat bayrağı,  milli mənlik və qürurudur. Dil yoxdursa xalq da yoxdur. Sovet imperiyası da xalqların milli kimliyini əllərindən alaraq, onları ruslaşdırmağa çalışırdı. Belə ki, ölkədə rəsmi dövlət dili rus dili, rəsmi tədbirlərdə bir qayda olaraq rus dilində çıxışlar üstünlük təşkil edirdi. Oxşar vəziyyət özünü radio, televiziya və mətbuatda da göstərirdi. Artıq ölkədə elə bir pisixoloji vəziyyət yaradılmışdı ki, hətta bəzən sıravi vətəndaşlar arasında da Azərbaycan dilində danışmaq, rus dilini bilməmək qəbahət hesab olunurdu. Bu siyasətə qarşı çıxmaq və dilimizi qorumaq milli kimliyin, varlığın və mənəvi irsin yaşadılması üçün zəruri idi.

Heydər Əliyev  Azərbaycan xalqının ümummilli lideri kimi dilin qorunması və inkifafı üçün mühüm addımlar atmışdır. O, 1960-cı illərin sonunda  Azərbaycana rəhbərlik etməyə başladı. İlk vaxtlardan ana dilimizə böyük qayğı və diqqət göstərirdi. Çünki Heydər Əliyev xalqın varlığını zəruri edən ən vacib elementlərdən birinin də dil olduğunu və mövcud vəziyyətin narahatlıq doğuran, təhlükəli bir istiqamət aldığını görürdü. Bu vəziyyətin düzəldilməsi üçün nəyin bahasına olsa da təcili addımların atılmasının vacibliyini anlayırdı. Uzun və gərgin danışəqlar, atılan addımlar nəhayət arzuolunan nəticəyə gətirib çıxardı. 1978-ci il aprelin 21-də qəbul edilən Azərbaycan SSR-nin üçüncü konstitusiyasına (73 cü maddəsinə) Heydər Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycan dilinin dövlət dili olması əlavə edildi. Bu, Heydər Əliyevin xalqı qarşısında göstərdiyi böyük xidmət, milli kimliyimizin bərpası və inkişafı üçün atılmış ən böyük addımlardan biri idi. Artıq dilimiz bərpa olunmuşdu, indi isə onu qorumaq lazım idi. Elə buna görə də Heydər Əliyev təhsilin Azərbaycan dilində aparılmasını təşviq etdi. Nəticədə Azərbaycan öz dili ilə tanınmağa başladı.

Yarıtmaz sosialit ideologiyasının 1991- ci ildə dağılması ilə Azərbaycan müstəqil oldu. SSRİ-nin çökməsi yalnız onilliklər boyu davam edən Sovet hakimiyyətinin sonunu gətirmədi, həm də Azərbaycan öz suverenliyini bərpa etməsi ilə hələ o zamandan atılmış addımların inkişaf etdirilməsi üçün zəmin yaratdı.   1991- ci ilin dekabrında Azərbaycanda latın qrafikalı əlifbaya keçid barədə qərar qəbul edildi, amma icrası illərlə uzandı. Milli kimliyimizi bərpa edən Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli fərmanına əsasən bu proses başa çatdı. 2001-ci il  avqustun 1-də ölkə ərazisində bütün idarə-müəssisələr, təşkilatlar, Azərbaycan dilində bütün nəşrlər latın qrafikalı əlifbaya keçdi. 2001-ci il  avqustun 9-da Prezident Heydər Əliyev  “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında ” fərman imzaladı.

Ulu Öndər 1995-ci ilin oktyabırında Azərbaycan Respublikasının yeni konstitusiyasını hazrlayan komissiyanın iclasında demişdir: “Mən hər bir dilə öz hörmət  və ehtiramımı bildirirəm. Amma hesab edirəm ki, öz dilimizlə- Azərbaycan dili ilə hər birimiz  fəxr edə bilərik. Çünki bu,  zəngin dildir, artıq dünyada tanınmış dildir. Xalqımızın adı da tanınıb, dilimizin  adı da tanınıb.”.Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul  olunmuşdur. 1995-ci il noyabrın 27-dən qüvvəyə minmişdir. Konstitusiyanın Dövlət dili haqqında 21-ci maddəsində  qeyd olunmuşdur: “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir ”. Bununla milli kimliyimiz olan dilimiz də xalqımız kimi artıq müstəqilliyini bərpa etmiş oldu.

Nəticə olaraq, sovet dövründə Azərbaycan dilinin üzləşdiyi çətinlikləri və o dövrün ağır şərtlərini  göz önünə gətirdikdə  H. Əliyevin dilə verdiyi əhəmiyyətin nə dərəcədə vacib olduğunu gördük. Azərbaycan dilinin Konstitusiyaya daxil edilməsi, müstəqil Azərbaycan Respublikasının latın əlifbasına keçməsi və dilin rəsmi dövlət dili olaraq qorunması, milli kimliyin bərpası və xalqın mədəni dəyərlərinin saxlanması baxımından mühüm bir rol oynamışdır. Bu islahatlar yalnz dilin qorunması deyil, həm də gələcək nəsillərə öz tarixini, mədəniyyətini və kimliyini yaşatmaq üçün güclü zəmin yaratmışdır. Bu səbəbdən Heydər Əliyevin dil siyasəti  Azərbaycan xalqının dəyərli mirasını qorumağa və onu gələcək nəsillərə ötürməyə yönəlmiş vacib bir addım olmuşdur. Bizim bu günümüz və gələcəyimiz bu yolda atılan addımların nəticəsidir. Ona görə də bu zəhmət və nailiyyətlərə görə Ulu ÖndərHeydər Əliyevə minnətdar olmalı, konstitusiyada dediyi kimi Azərbaycan dilinin inkişafını təmin etməliyik. Bu irsi, xalqımızın varlığını qorumaq və yaşatmaq bizim vəzifəmizdir.

 

 

 

 

 

 

Elcan ƏSGƏRZADƏ

Azərbaycan Dövlət iqtisad Universiteti (UNEC)

Maliyyə və Mühasibat fakultəsi, tələbə

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir