“Mən ki, doymamışdım heç vüsalından..”- “Nigar Rəfibəyli – 112”

“Mən ki, doymamışdım heç vüsalından..”- “Nigar Rəfibəyli – 112”

Bu gün Azərbaycanın Xalq şairi Nigar Rəfibəylinin doğum günüdür. XX əsr Azərbaycan poeziyasının və ictimai fikir tarixinin görkəmli nümayəndələrindən biri olan Nigar Rəfibəyli incə mənəviyyatı və zərif təbiəti ilə seçilən nadir sənətkar qadınlardan biridir. Onun dünyaya göz açdığı ictimai-siyasi və ədəbi mühit həmin dövrün xarakterik xüsusiyyətləri və siyasi prosesləri ilə səciyyələnir ki, bu da onun yaradıcılıq istiqamətinə və mövzu dairəsinə bilavasitə təsir göstərmişdir.

“İNFONEWS” dəyərli şairəmizi dərin hörmət və ehtiramla anır.

AYRILIQ

Mən ki, doymamışdım heç vüsalından,
Mənə zülm elədi yaman ayrılıq.
Nə olardı bir gün durub yuxudan
Görəydim ki, olub yalan ayrılıq…

Biz ki, bir ruh idik iki bədəndə,
O gülüb-sevinsə gülərdim mən də,
Vüsalın bülbülü uçub gedəndə,
Daş kimi gəlbimdə qalan ayrılıq.

Kim qıydı dostların bahar elinə?
Mehriban sözünə, şirin dilinə,
Cananın sazını alıb əlinə
Əğyar mizrabıyla çalan ayrılıq.

Mən görəndə orda yaz səhəriydi,
Xoş nəfəs baharın küləkləriydi,
Açılan ağ badam çiçəkləriydi,
İndi onlardımı solan, ayrılıq!

Gün çıxar, dağların əriyər qarı,
Pozulmaz dostların əhdi, ilqarı,
Keçər ürək dərdi, könül qubarı,
Gəl etmə meydanda cövlan, ayrılıq!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir