O, ideal ər idi… ta ki meşədə qadın cəsədləri tapılana kimi

O, ideal ər idi… ta ki meşədə qadın cəsədləri tapılana kimi

“İNFONEWS” “tayni-mirozdaniya.ru” -ya istinadən təqdim edir:

Cinayət yerindən yenicə qayıtmış bir insanın yanında yatmaq olarmı? Çəkmələrinin üstündəki palçığı hələ yuyub təmizləmədən, amma artıq axşam yeməyi istəyən birindən… Ona şorba bişirmək, paltarlarını şkafa yığmaq, gecə yatmazdan əvvəl öpmək — və bütün bunları edərkən bir dəfə də olsun şübhələnməmək mümkündürmü?

Rusiyanın ən dəhşətli silsiləli qatillərinin — Andrey Çikatilo, Anatoli Slivko, Mixail Popkovun həyat yoldaşlarının hekayələri qorxulu bir cavab verir: mümkündür. Hətta bunu onilliklər boyu etmək də mümkündür — əlavə suallar vermədən, şübhəni içinə basdıraraq.

Feodosiya Çikatilo: “Necə oldu bu, Andrey?”

Hər şey tipik sovet hekayəsi kimi başlamışdı. Feodosiya Andreylə onun bacısı vasitəsilə tanış olmuşdu. O, sakit, təvazökar, zəhmətkeş idi. İçki içməzdi, siqaret çəkməzdi, qazandığını evə gətirərdi. Hətta “Moskviç” avtomobili almışdı — əyalət üçün lüks sayılan bir şey. Məişətdə qayğıkeş, ailəsinə bağlı ər təsiri bağışlayırdı.

Yenə də bir “amma” vardı.
İntim həyat demək olar ki, yox idi. Çikatilo impotensiyadan əziyyət çəkirdi. Arvadı onu utancaq sanır, kömək etməyə çalışırdı. O isə getdikcə daha çox uzaqlaşır, Feodosiyanı alçaldır, onu “müftə yeyən”, “ayğır istəyən” biri olmaqda günahlandırırdı.

Sonra iş problemləri başladı. Bir dəfə məktəbdən, bir dəfə texniki peşə məktəbindən çıxarıldı. Səbəbini paxıllar, ayaqaltını qazanlar var, deyə söyləyirdi. Ezamiyyətlərdən çirkli paltarlarla qayıdırdı. Qızı atasının nəvəsinə qarşı qəribə davranışından sonra onunla ünsiyyəti kəsdi. Amma Feodosiya yenə də şübhələnmədi. O inanırdı. Ta ki, ərini həbs edilənə qədər.

Müstəntiqlər həqiqəti ona göstərmək qərarına gəlirlər. Videoçəkilişlərdə Çikatilonun qətllərin baş verdiyi yerləri göstərməsi, torpaq altından ayaq görünəndə hər şey aydın oldu. Nə qışqırıq oldu, nə isterika. Yalnız istintaq təcridxanasında verilən bir sual: “Bu necə baş verdi, Andrey?”

Və yalnız güllələnmədən sonra Feodosiya adını dəyişməyə və şəhəri tərk etməyə məcbur oldu.

Lyudmila Slivko: “Mən elə bilirdim ki, o məni sevmir”

Anatoli Slivko cəmiyyət üçün ideal, örnək vətəndaş idi: müəllim, pioner dəstə rəhbəri, turist klubunun başçısı. Uşaqlarla ünsiyyət qurmağı bacarırdı. Valideynlər ona etibar, həmkarlar hörmət edirdi.

Evdə isə — soyuq münasibət; Uğursuz toy gecəsinə görə arvadı Lyudmila problemi özündə axtarırdı: “Bəlkə mən günahkaram, hər şey mənə görədir?”

Əslində isə Slivko onillərlə yeniyetmələrə işgəncə verir, onları asır, kameraya çəkir, öldürürdü. 40-dan çox qurban. Yeddisi — ölümcül nəticə ilə.

O, evdə demək olar ki, olmurdu. Ailə ilə maraqlanmırdı. Arvadı isə bunu “xasiyyəti belədir” deyə izah edirdi.

Həbsdən sonra belə inanmadı. Ta ki videoları, fotoları, gündəliyi görənə qədər. O zaman yalnız bir cümləni təkrar edirdi: “Mən heç nə bilmirdim…”

Yelena Popkova: “Əgər buraxılsaydı, onunla evə gedərdim”

Mixail Popkov — nümunəvi ər obrazı idi. Polis, ata, evini sevən kişi. Təmiri özü edər, şaxtalı havada belə itini gəzdirər, bayramlarda, xüsusi günləri unutmaz hədiyyə alardı. 30 illik evlilik, bir dənə də olsun şiddət yox.

Amma paralel olaraq — hamısı qəddarcasına öldürülmüş 80 qadının həyatı… Popkov gec qayıdan, tənha, sərxoş qadınları seçirdi. “Yola salım?” deyirdi. Sonra isə qətl.

O bunu “cəmiyyəti təmizləmək” adlandırırdı. Günahı qurbanların üzərinə atırdı. Bu, viktim-bleyminqdir — qatili haqlı çıxarmağın psixoloji mexanizmi.

Arvadı isə ona son anına qədər inanmadı: “O mənə heç vaxt əl qaldırmayıb. O mənim arxa-dayağım idi.”

Bəs niyə bir-birindən qorxunc, amansız silsilə qətlləri ilə tarixə düşən bu cimayətkarların həyat yoldaşları heç nə görməyib, hiss etməyiblər?

Manyakla yaşayanların bu səbəbini insan beyninin dəhşətli həqiqətlə üzləşməməkdən özünü qoruması ilə izah etmək olar. Buna emosional korluq deyilir.

Əgər yanındakı insan ailəni dolandırır, “sevirəm” deyirsə, onun gizli şəkildə qatil olduğunu qəbul etmək çətindir. Çünki bu zaman cəmiyyətdə hörmətli ailə məfhumu yerlə yeksan olur.

Psixika isə müdafiəyə keçir:

  • Rasionallaşdırma — hər şeyə məntiqli bəhanə tapılır.

  • Öyrənilmiş acizlik — dəyişməyə güc qalmır.

  • Obraza bağlılıq — insan sevdiyi obrazı itirməmək üçün həqiqətdən qaçır.

Bu, koqnitiv dissonansdır. Reallıq dözülməz olanda, insan beyni yalanı seçir.

Və bir də cəmiyyət var. “Normal” ər haqqında şübhə etsəydin, səni dəli, nankor, xəyanətkar adlandırardılar. Ona görə çoxları susur. Hətta öz-özünə belə etiraf etməkdən qorxur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir