“Bu il də insanların bir qismi oruc, bir qismi deyil,..”- Millət vəkili

“Bu il də insanların bir qismi oruc, bir qismi deyil,..”- Millət vəkili

“Hər il olduğu kimi, bu il də ölkəmizin müsəlmanları iki hissəyə bölündülər. Yenə də insanların bir qismi orucdur, bir qismi deyil. Təəssüf ki, bu, hər il məqsədli formada baş verir”.

“İNFONEWS” xəbər verir ki, bu fikirləri Pravda.az-a açıqlamasında Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin üzvü Ceyhun Məmmədov deyib.

Deputatın sözlərinə görə, İslam dinində əksər alimlərin yanaşması belədir ki, bir ölkədə ay görünübsə, bütün müsəlman ölkələri oruca başlaya bilərlər: “Bu da müsəlmanlar arasında birliyə xidmət edən məsələdir. İkincisi, dinimizə görə, hər kəs müsəlmanların birliyini, həmrəyliyini qorumalı, bu birliyə, həmrəyliyə xələl gətirən əməllərdən uzaq olmalıdır. Qafqaz Müsəlmanları İdarəsi fətva verib ki, oruc fevralın 19-da başlayır, lakin kimlərsə məqsədli şəkildə 18-də başlayırlar və bununla da yaxşılıq, qəhrəmanlıq etdiklərin düşünürlər. Bu, düzgün deyil və yanlış yanaşmadır, yolverilməzdir. Biz çalışmalıyıq ki, müsəlmanların birliyini və həmrəyliyini qoruyaq, bu cür davranışlardan, əməllərdən uzaq, daha məsuliyyətli olaq. Həm də dövlətin qərarına qarşı çıxmaq düzgün deyil. Bizim Azərbaycan olaraq öz dini idarəmiz var və onun qaydalarına əməl etməliyik. İnsanlarımız əks əməllərə yol verməməlidirlər. Dediyim kimi, ortada Qafqaz Müsəlmanları İdarəsinin fətvası var və fətvada açıq-aydın qeyd olunub ki, 19-da oruc tutulacaq. Buna baxmayaraq, insanların bir qismi prosesi pozmağa başlayıb. Bu, ciddi şəkildə birliyin pozulmasına yönəlmiş addımdır. İnsanlarımız bu cür davranışlardan uzaq olmalıdırlar. Belə fəaliyyətə hansısa din xadimi tərəfindən yol verilirsə, onlarla bağlı ciddi araşdırma aparılmalı, təxribatların qarşısı alınmalıdır. Bu, problem yaradan məsələdir. İnsanlarımız belə təxribatlara getməməlidirlər. Aidiyyatı strukturlar ciddi təbliğat, maarifləndirmə aparmalıdırlar. Bu sahəyə nəzarət daha da gücləndirilməli, müəyyən addımlar atılmalıdır. Çox təəssüf ki, bu ayrıseçkilik Ramazan bayramına da təsirini göstərəcək. İstəməzdik ki, belə olsun. Yenə bayramda da ixtilaf yaranacaq, bəzi insanlar müsəlmanların bayramını dəyişdirməyə çalışacaqlar. Bu prosesdən artıq uzaqlaşmalıyıq. İslamda birlik, həmrəylik hər şeydən vacibdir və bunu qorumalıyıq”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir