“SİZİN SƏDANIZA VƏTƏN SƏSLƏNİR” – Türkay Şirinli
“İNFONEWS” təqdim edir.
“Zəfər Sədası” uşaq xor qrupundakı sevimli Şəhid övladlarının istedadlarını geniş ictimaiyyətə çatdırmaq, onların yaradıcılıq fəaliyyətini dəstəkləmək məqsədi ilə “SİZİN SƏDANIZA VƏTƏN SƏSLƏNİR” layihəsinin bu buraxılışının qonaqları 2020-ci ildə sentyabrın 29-da 44 günlük Şanlı Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuş Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Kamil Əliş oğlu Şirinovun əziz övladlarından biri Türkaydır.

Tanış olaq: Türkay Kamil oğlu Şirinli
Onun 7 yaşı var, 1-ci sinifdə oxuyur.
Atam bizim – mənim və qardaşımın ən böyük qəhrəmanımızdır. O, müharibədə igidliyi ilə seçilib, qəhrəmancasına döyüşüb və ona görə də komandir olub. Həm də atam çox yaxşı futbol oynayarmış. Mən də onun yolunu gedib, güclü, cəsarətli, ağıllı bir insan, eləcə də futbolçu olmaq istəyirəm.
Anam deyir ki, mən atamın arzuladığı məktəbdə təhsil alıram. O, bizə hər zaman yaxşı insan olmağı öyrədirdi.
Qardaşımla atamın döyüş dostlarının onun qəhrəmanlıqlarından danışmasını çox sevirik, bəlkə də saatlarla bu söhbətləri yorulmadan dinləyə bilərik. Bəzən atamı xatırladıqda gözlərim dolur, amma bilirəm ki, o hər zaman bizimlədir, bizi görür.
Komandir atamın oğlu olduğum üçün böyük qürur duyuram. Onun adını daima uca tutmağa söz verirəm.


Şəhid Kamil Şirinovun ruhu şad olsun!
Allah bütün Şəhidlərimizə rəhmət eləsin!