SOSİAL ƏDALƏT: Dayanıqlı Gələcəyin Təməl Daşı –SOSİAL PROBLEMLƏR
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının baş müəllimi, iqtisadçı ekspert, beynəlxalq təlimçi Leyla Köçərlinin təqdimatında
“İNFONEWS”– un “SOSİAL PROBLEMLƏR” layihəsinin növbəti buraxılışı 20 Fevral – Ümumdünya Sosial Ədalət Gününə həsr edilir.
SOSİAL ƏDALƏT: Dayanıqlı Gələcəyin Təməl Daşı
Sosial ədalət cəmiyyət daxilində imkanların, resursların və hüquqların ədalətli şəkildə bölüşdürülməsini ifadə edir. Sosial ədalət mənşəyindən, cinsindən, dinindən, iqtisadi vəziyyətindən asılı olmayaraq, hər bir fərdin təhsil, məşğulluq, səhiyyə və hüququnun müdafiəsinə çıxışını təmin edir. Ədalət anlayışı insan sivilizasiyasında dərin kök salsa da, reallıq budur ki, cəmiyyətin bütün üzvlərinin resurslara və imkanlara bərabər çıxışı yoxdur. Bu balanssızlıq fərdlərin və icmaların rifahına xələl gətirən bir çox çətinliklər yaratmaqla, sosial ədalətin təmin edilməsini zəruri edir.
İrqindən, cinsindən, iqtisadi vəziyyətindən asılı olmayaraq bütün vətəndaşların hüquq və imkanlara malik olduğu “hamı üçün cəmiyyət” yaratmaq məqsədilə 2007-ci ildə Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası Ümumdünya Sosial Ədalət Gününü təsis etmiş və ilk dəfə 2009-cu ildə qeyd olunmuşdur. Hər il 20 fevral tarixində qeyd olunan Ümumdünya Sosial Ədalət Günü yoxsulluq, sosial təcrid, gender bərabərsizliyi, işsizlik kimi sosial problemlərin həllinə yönəlmiş səyləri təşviq etməyə həsr olunmuş qlobal bir çağırışdır.
Hər il Ümumdünya Sosial Ədalət Günü mövcud qlobal problemlərlə əlaqəli müəyyən bir mövzuya diqqət yetirir. 2026-cı il üçün konkret mövzu “İnklüzivliyin gücləndirilməsi: Sosial ədalət naminə boşluqların aradan qaldırılması” problemi ilə bağlıdır. 2026-cı il Ümumdünya Sosial Ədalət Gününün əsas mövzusu dünya miqyasında sosial-iqtisadi fərqləri azaltmaq məqsədilə inklüziv siyasət və məqsədyönlü fəaliyyətin vacibliyini vurğulamaqla, aşağıda qeyd edilmiş məqsədləri ifadə edir:
- İnklüziv iqtisadi artımı təşviq etmək;
- Yoxsulluq, təcrid və bərabərsizliklə mübarizə aparmaq;
- Sosial bərabərlik üçün siyasət islahatlarını təşviq etmək;
- Ədalət naminə beynəlxalq əməkdaşlığı gücləndirmək;
- İmkanlara və resurslara bərabər çıxışı təmin etmək.
Müasir dünyada sosial ədalət dayanıqlı inkişafın yeganə yoludur. Unutmayaq ki, birimizin haqqı pozulduqda, hamımızın ədalət hissi zədələnir. Gəlin, bu özəl gündə yalnız problemləri danışmayaq, həm də ədalətli gələcək üçün nələr edə biləcəyimizi düşünək. Məsələn, ədalətsizliyin haradan qaynaqlandığını anlamaq üçün mütaliə etmək, araşdırmaq və ətrafımızdakı insanlarla bu mövzuda sağlam müzakirələr aparmaqla insani dəyərlərə fokuslanmaq…
Sosial ədalət böyük qlobal hədəf olsa da, ona gedən yol bizim gündəlik həyatımızdakı kiçik, lakin təsirli addımlardan keçir. Bu gün kiməsə qarşı daha anlayışlı olmaq, əslində daha böyük bir ədalət zəncirinin ilk halqasını qurmaqdır.