Türk dünyasının Nəvai sevgisi: Əfqanıstanda nəvaişünaslıq
“Azizullah Aral. Əfqanıstanda nəvaişünaslıq (mətnlərin təsviri və təhlili)” adlı monoqrafiya işıq üzü görüb. Monoqrafiyanın elmi məsləhətçisi akademik İsa Həbibbəyli, elmi redaktoru “Ön söz”ünün müəllifi akademik Şöhrət Siracəddinovdur.
“İNFONEWS” xəbər verir ki, monoqrafiya böyük mütəfəkkir Əlişir Nəvainin doğulduğu, boya-başa çatdığı, idarə etdiyi və inkişaf etdiyi qədim Heratda, qədim Xorasanda – indiki Əfqanıstanda həyatının, tikililərinin, mənəvi irsinin təhlilinə həsr edilib. Əsərdə əfqan nəvaişünaslığının əsasını təşkil edən əlyazma mənbələri və nəşr olunmuş əsərlər elmi şəkildə təsvir edilib, Nəvainin bu sahədəki fəaliyyəti ilə bağlı memarlıq abidələrinin əhəmiyyəti müəyyən edilib. Əfqan mətbuatında təhlil edilən mənbələrin nəvaişünaslığın inkişafındakı əhəmiyyəti vurğulanır, əfqan nəvaişünaslığının mənbələri sistemləşdirilir.
Monoqrafiyanı Azərbaycan dilinə tərcümə edən filologiya elmləri doktoru, professor Almaz Ülvi Binnətova “Türk dünyasının Nəvai sevgisi” başlıqlı “Ön söz”ündə yazır: “Azərbaycanda, Özbəkistanda, Türkiyədə nəvaişünaslıq elmi haqqında kifayət qədər məlumatlı, bu sahədəki araşdırmalarla tanış olduğumuzdan həmin elmi tablonun əhatə dairəsini “Əfqanıstanda nəvaişünaslıq” monoqrafiyası ilə bir qədər də genişləndirmək məqsədində olduq. “Əfqanıstanda nəvaişünaslıq” monoqrafiyasını nə üçün Azərbaycan dilinə çevirib kitab kimi nəşr etmək istəyində və ya ehtiyacında olduq? İlk olaraq, Əlişir Nəvainin doğulub boya-başa çatdığı, yazıb-yaratdığı eldə, elmdə dahi sənətkar necə tanınıb, necə təqdim olunub, necə tədqiq olunub və olunur marağımızdan. Eyni zamanda, nəvaişünaslıq elminin tədqiq tarixi Əfqanıstanda nə zamana təsadüf edir? Maraqlandığımız bu sualların cavabını qarşımızdakı kitabda – faktlarla zəngin elmi mənbədə öyrənmək mümkündür. Elmin-ədəbiyyatın qızıl dövrünü yaradan-yaşayan Herat məktəbinin Əlişir Nəvai epoxasını izləmək günümüzdə əlçatmaz bir nöqtədə olduğundan “Əfqanıstanda nəvaişünaslıq” monoqrafiyasını tutiyə kimi qəbul etdik. Həmin monoqrafiyanın müəllifi – tədqiqatçı-alim Azizullah Aralın (Əzizullah Aral) birbaşa bu sahədə böyük xidmətlərini bildiyimizdən təqdim etdiyi əsərin də ciddi bir araşdırma olduğuna əminik”.
Əsərin birinci fəslində xalqın şifahi yaradıcılığı və yazılı ədəbiyyat nümunələri kontekstində Əfqanıstanda özbək ədəbiyyatının təməl mənbələri müəyyən edilir. İkinci fəsildə Əfqanıstanda nəvaişünaslıq istiqamətində aparılan elmi tədqiqatlar, nəşrlər, Nəvaini anma mərasimləri və ona həsr olunmuş elmi seminar və konfranslar bu sahənin əsas bilgi qaynaqları kimi təqdim edilir. Üçüncü fəsil isə dövri mətbuatda yer alan materiallar və bədii əsərlərdə Nəvai irsinə olan münasibət əsasında elmiənənəvi nəvaişünaslıq mənbələrinin ümumiləşdirilməsinə həsr olunur.
Aparılan tədqiqat Əfqanıstanda Nəvai şəxsiyyəti və irsinin elmi və mədəni aspektlərdə mənimsənilməsi baxımından mühüm nəticələr verir. “Əlavələr” bölməsindəki fotoları isə əyani faktlar və tarixi sübut kimi qəbul etmək olar.
Əsər ədəbiyyatşünaslar, nəvaişünaslar, tədqiqatçılar, magistrlər, tələbələr, Nəvai ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.