ADPU-nun şəhid məzunu Orxan Nəbiyevin ailəsi ziyarət olunub

ADPU-nun şəhid məzunu Orxan Nəbiyevin ailəsi ziyarət olunub

“İNFONEWS” xəbər verir.

Azərbaycan Dövlət Pedaqoji Universiteti Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (ADPU YAP GB) sədri Tərlan Ağayev və ADPU-nun Şamaxı filialının YAP GB-nin sədri Məhərrəm Məhərrəmli Vətən müharibəsi şəhidi, ADPU-nun Şamaxı filialının Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə məzunu, leytenant Orxan Nəbiyevin ailəsini ziyarət ediblər.
ADPU-nun mətbuat xidmətindən bildiriblər ki, Şamaxı rayonunun Qurdtəpə kəndində şəhid ailəsinin qonağı olan universitet nümayəndələri əvvəlcə şəhidin məzarını ziyarət ediblər.
Orxanın atası Rza Nəbiyev göstərilən diqqətə görə təşəkkürünü bildirib. O, Orxanın şücaətindən söz açaraq deyib: “Orxan elə oğul idi ki, onun nəşini götürmək üçün günlərlə əsgərləri çətin ərazilərdə mübarizə aparmışdılar. Hər zaman əsgərlərinin qayğısına qalan Orxan şəhid olanadək onun komandası ən az şəhid verən komandalardan biri olub. Ziyarətə gələn əsgərlərinin, döyüş yoldaşlarının sözlərinə görə, o, gecələri yatmaz, yeni döyüş taktikaları haqqında düşünərdi. Onun hərb sahəsi ilə bağlı bilikləri hamını heyrətə gətirirdi, qurduğu taktikalarla döyüşçülərimiz dəfələrlə mühasirədən çıxa biliblər. Orxan Suqovuşana ilk girən döyüşçülərimizdən biri olub, “Telleqüllə” adlanan ərazi onun rəhbərliyi ilə azad edilib. Özü ilə çiyin-çiyinə döyüşən heç kəsi ölü və ya diri ermənilərə verməyən Orxanın nəşi 20 günə yaxın düşmən nəzarətində olan ərazidə qalıb. Səksəndən çox ermənini özü təkbaşına məhv edib. Tələbə olduğu müddətdə bir çox tədbirlərdə iştirak edirdi və hər zaman “İnşallah, bu çıxışları işğaldan azad olunmuş torpaqlarımızda da edərik!” deyirdi və sözünə sadiq qaldı.
Şəhidin qardaşı, Vətən müharibəsi iştirakçısı Əmirxan bildirib: “Müharibənin ən qızğın vaxtı təsadüfi olaraq onunla rastlaşdıq və elə oldu ki, öz canını təhlükəyə ataraq məni ölümdən xilas etdi. Getdiyim bütün əməliyyatlarda Orxanın qardaşı olduğum üçün hamı mənə “Qorxmaz leytenantın qardaşı” deyirdi. Ümumiyyətlə, Orxanı tanıyan hər kəs ona “Qorxmaz leytenant” deyə müraciət edirdi. Çox istərdim ki, o zirvəyə ucalım. Amma şəhidlik elə zirvədir ki, oraya ancaq Orxan kimi cəsur insanlar layiqdir”.
ADPU YAP GB sədri Tərlan Ağayev universitetin rektoru, professor Cəfər Cəfərov başda olmaqla, ali təhsil müəssisəsinin rəhbərliyi adından şəhid ailəsinə başsağlığı verərək, Vətən müharibəsində şəhid və qazi olan bütün tələbə və məzunların daim universitet rəhbərliyinin diqqətində olduğunu, universitetdə və filiallarda şəhidlərimizin xatirələrinin əbədiləşdirilməsi ilə bağlı tədbirlərin görüldüyünü diqqətə çatdırıb.
Şəhidin anası Sevinc xanım Orxanın hərbi formadakı şəklini ADPU ailəsinə hədiyyə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir