Ramin Əhmədov: Əsas məqsədimiz türk dünyasının tarixini, dəyərlərini təbliğ etməkdir
”İNFONEWS” xəbər verir.
“Türk dünyası ağsaqqalları“ qəzetinin təşəbbüsü ilə “Türk dünyası “Vikipediya”da” layihəsi uğurla davam edir. Könüllülər tərəfindən “Vikipediya”da türk dünyasına dair məqalələr zənginləşdirilir və yeni məlumatlar yaradılır. Artıq türk dünyasının tarixini, mədəniyyətini, ədəbiyyatını, memarlığını əhatə edən onlarla məqalə “Vikipediya”da yer alıb. Layihə çərçivəsində bu günədək 210-dan çox məqalə yaradılıb və onlayn ensiklopediyada yerləşdirilib.
Bu barədə Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini, “Türk dünyası ağsaqqalları“ qəzetinin baş redaktoru Ramin Əhmədov məlumat verib. O bildirib ki, layihəyə start verilən gündən könüllülər bu işə çox böyük maraq göstərirlər. Könüllülər tərəfindən Xakas yazıçısı, dramaturqu və publisisti Mithas Turan, Şiraz Salqurlularının IX və sonuncu hökmdarı Abiş Xatun, krım-tatar dramaturqu, “Yaş küvet” qəzetinin redaktoru İlyas Tərxan, krım-tatar ictimai xadimi, pedaqoq Həmzə Ablayev, Elxanilər dövlətində yaşamış insanlar, Monqol imperiyasında qadınlar, Kirmanın Qutluqxanilər sülaləsindən olan son hökmdarı Qütb əl-Din Şah Cahan, Bolqarıstanda yaşayan türk şairi, yazıçısı, jurnalisti və ictimai xadimi Nurtən Rəmzi, tarixçi alim Lətif Şüküroğlu, Azərbaycan ədəbiyyatşünası, professor Ramazan Məmmədov haqqında məqalələr yaradılıb.
R.Əhmədov layihənin davamlı xarakter daşıyacağını söyləyib. “Əsas məqsədimiz türk dünyasının tarixini, dəyərlərini təbliğ etməkdir. Könüllülər zəngin və böyük irsi özündə daşıyan tariximizi təbliğ etmək missiyasını şərəflə yerinə yetirirlər. Gələcək nəsillər məlumatları oxuyaraq qürur hissi keçirəcəklər”, – deyə o bildirib