ABŞ qoşunları Əfqanıstandan çıxdıqdan sonra xarici səfirliklər Kabili tərk edə bilər
”İNFONEWS” xəbər verir.
ABŞ-ın müttəfiqlərinin öz qoşunlarını Vaşinqtonla eyni vaxtda Əfqanıstandan çıxarmaq cəhdləri təhlükəsizlik sahəsində problemlərə səbəb ola bilər. Bu səbəbdən xarici diplomatlar Kabil şəhərini tərk etməli olacaq.
ABŞ-ın bir neçə müttəfiqi, o cümlədən Almaniya lojistik problemləri həll etmək üçün Vaşinqtondan qoşunların Əfqanıstandan çıxarılması templərini ləngitməyi xahiş edib. Cozef Baydenin sentyabrın 11-dək Əfqanıstanda heç bir Amerika əsgərinin qalmayacağı barədə vədinə baxmayaraq, hərbi rəhbərlik qoşunların əsas hissəsini 4 iyul – Müstəqillik Gününə qədər geri qaytarmağı planlaşdırır.
Əvvəllər Kabil şəhərindəki beynəlxalq hava limanını qorumaq üçün əsgərlərini saxlamağı planlaşdıran Türkiyənin də digər müttəfiqləri ilə birlikdə qoşunlarını Əfqanıstanda çıxarması Qərbin bu ölkədə mövcudluğu üçün xüsusi problem yaradacaq. Belə ki, Əfqanıstandakı Qərb diplomatları türk əsgərlərinin getməsi ilə “Taliban” hərəkatının paytaxta mümkün hücumu zamanı ölkədən çıxmaq üçün yeganə təhlükəsiz yolu da itirə bilərlər.
Qeyd edək ki, NATO aprelin 29-dan etibarən öz qoşunlarını Əfqanıstandan çıxarmağa başlayıb. Prezident Cozef Bayden administrasiyası qoşunların Əfqanıstandan çıxarılması prosesini sentyabrın 11-nə qədər tamamlamağı planlaşdırır. Əvvəlki ABŞ administrasiyası isə “Taliban” hərəkatı ilə razılaşmaya əsasən, qoşunları mayın 1-dək ölkədən çıxarmalı idi. Taliblər Cozef Baydenin qoşunları çıxarma tarixini dəyişdirmək qərarını sazişin pozulması kimi qiymətləndirib və cavab tədbirlərinə hazır olduqlarını bildirirlər.