“İNFONEWS” xəbər verir.
Tanışlıqlarının 11-ci il dönümünü qeyd edirdilər
O, həmin anları bir-bir xatırlayıb dilə gətirirdi. Bu tanışlıq, bu sevgi, həyat hekayəsi sanki bir roman idi.
Yalnız bu mənzərəni görənlər, göz önündə olanları müşahidə edənlər həmin anda nələr düşünüb, hansı hislərin yaşandığını bilərdi.
O baxırdı, susurdu…
Vəfalı, sadiq, mərd xanımı isə durmadan o anları danışır, o gözəl xatirələri yenidən təkrar-təkrar söyləyirdi.
Biz də susduq, gördüklərimizə donub qaldıq.
Bir sözlə, sözlər tükənmiş, cümlələr aciz.
Yenə də burdaydıq, yenə də həmin ünvanlardan birindəydik.
Həmin o ünvanlar ki, hər birimiz üçün ən qiymətli, ən ali məkanlardır.
Bəli… Şəhidlər Xiyabanı!
Məhz bu məkanda yenicə başlamışdıq Şəhidlərimizin ziyarətinə ki, yuxarıda qeyd etdiyim mənzərə ilə rastlaşdıq.
Diqqətimizi çəkən isə Şəhid xanımının 11 il öncəki ilk tanışlıq xatirələri xatırlayıb danışması və onu səssiz-səmirsiz dinləyən, məzarda uyuyan Şəhid qardaşımız.
Allah ədalətlidir, bəşəriyyət (insan) isə zülmkar.
Müharibə neçə-neçə bir-birlərini sevən sədaqətli insanlarımızı ayrı saldı. Neçə-neçə bacılarımız belə gözüyaşlı qaldı.
Nə qədər desək də ki, “həyat davam edir” onlar həyatlarının qalan hissəsini rəngarəng deyil, ancaq qara geyinməklə yaşamaq məcburiyyətindədirlər.
Bu mənzərəni müşahidə etdikcə, insanın damarında qanı donurdu sanki.
Şəhidimizin qarapaltarlı xanımı həyat yoldaşının baş daşına sarılıb, ötənlərdən-bitənlərdən danışdıqca ağlayırdı.
Əlimizdən nə gəlir ki, nə edə bilərik ki?!
Deyiləcək sözlər təsirsiz, cümlələr mənasız görsənirdi.
Onların baş-başa qalması daha yaxşı olardı.
Bəli, həyat budur.
Acımasız, zalım.
Ancaq bu sevgi, bu sədaqət hər zaman ali və yüksək olaraq qalacaqdır.
Qarabağ Qazi Ülvi Qədir