“Əsir düşərgəsində bir həkim- tərcüməçi – ALAZAN BAYCAN”
“İNFONEWS” təqdim edir.
Dilqəm Əhməd “Əsir düşərgəsində bir həkim- tərcüməçi – ALAZAN BAYCAN”
1939-cu ilin avqust ayının 23-də Moskvada imzalanmış Molotov-Ribbentrop paktından bir həftə sonra sentyabrın 1-də Almaniya Polşaya hücum etdi.
Bundan iki gün sonra İngiltərə və Fransanın Almaniyaya savaş elan etməsi ilə müharibə qaçınılmaz oldu.
Sovet-alman paktının şərtlərinə uyğun olaraq Almaniyanın ardınca sentyabr ayının 17-də Sovet orduları Polşaya daxil oldu və sentyabrın 23-də Brest şəhərində birgə sovet-alman paradı keçirildi. Qısa zaman ərzində müttəfiqlərin münasibətləri pozulduğu üçün 1940-cı il dekabrın 5-də Almaniya rəhbərliyi SSRİ-yə hücum planını müzakirə etdi. Hitler 1940-cı il dekabrın 18-də “Barbarossa planı”nı təsdiqlədi.
1941-ci il iyun ayının 22-sində Almaniya SSRİ-yə hücum etdi. Bununla da Azərbaycan məcburi şəkildə SSRİ-nin tərkibində dünya müharibəsində iştirak etmiş oldu.
II Dünya müharibəsinin ilk illərindən etibarən sürətli alman hücumunun qarşısında tab gətirə bilməyən SSRİ-nin milyonlarla əsgəri əsir düşdü.
Almanlar ilk vaxtlar aşağı irq hesab etdikləri əsirləri güllələyir, ən ağır şərtlər altında düşərgələrdə saxlayırdılar. Buna görə də minlərlə əsir aclıqdan, xəstəlikdən tələf olub gedirdilər.
Ramiz Abutalıbov bu barədə yazıb: “Müxtəlif mənbələrə görə alman ordusunun SSRİ ərazisinə hücumunun ilk altı ayı ərzində 3-4 milyon sovet vətəndaşı əsir düşmüşdü. Onlardan 150 mini azərbaycanlı idi. Hərbi əsirlərin 40 faizi əsir düşərgələrinin ağır şəraitinə dözməyib həlak olmuşdu. Sovet əsirlərinə bu cür münasibəti almanlar SSRİ-nin hərbi əsirlərlə bağlı 27 iyul 1929-cu il Cenevrə Konvensiyasını ratifikasiya etməməsi ilə əsaslandırırdılar.
Həyat və ölüm arasında ikən və Stalinin “Əsir düşmüş Qızıl Ordu əsgərlərini bütün yerüstü və hava vasitələri ilə məhv etmək” haqqında 16 avqust 1941-ci il tarixli 270 №-li əmrini göz önünə alaraq, əsirlərin bir hissəsi düşmən tərəfinə keçmişdi”.
Legioner İsmayıl Əkbərin məruzəsində Almaniya tərəfində vuruşan azərbaycanlıların sayının 1944-cü ildə 37 913 nəfər olduğu göstərilib.
Əsir düşən və ya daha öncə mühacir həyatı yaşayıb həmyerlilərinə kömək üçün Almaniyaya gedən azərbaycanlılar arasında ali təhsilli insanlar olduqlarına görə, qısa zamanda onlar almanların diqqətini çəkib. Bu şəxslər öz ixtisasları üzrə əsir azərbaycanlılara dəstək olmağa çalışıblar.
Cabbar Ərtürk, Lətif Elsevər, Cəlil İskəndər, Mustafa Haqqı Türkəqul, Süleyman Təkinər, Teymur Atəşli, Sultan Hacıoğlu, Məhəmməd Kəngərli, Əhməd Yaşat, Əliheydər Süleymanov, Məcid Musazadə, İbrahim Badal, Həsən İsmayıllı, Əflan Muğan, Abay Dağlı kimi müəllimlər, tarixçilər, həkimlər əsirlik həyatı yaşayıblar.
Bu ziyalılardan biri də müharibə illərində Türkiyədən Almaniyaya gedən həkim, şair Alazan Baycan olub.
A.Baycan adı 1990-cı illərin əvvəllərindən Azərbaycan tədqiqatçılarına bəllidir. Çünki onun Türkiyədə çap olunan iki şeir kitabı, azərbaycanlı alimlərlə məktublaşmaları dövrün mətbuatında yer alıb. Məsələn, mərhum professor Abbas Zamanov onun haqqında yazıb: “Doktor A.Baycan qürbətdə didərgin həyatı sürsə də, vətənlə əlaqələrini kəsməmişdir. Həmişə doğma Azərbaycandan müxtəlif yollarla qəzet, jurnal, kitab əldə etmiş, Azərbaycanla birgə yaşamış, birgə nəfəs almışdır.
Mühacirətdə yaşayan bir çoxları onun kitabxanasından istifadə edirdilər. Mən şəxsən iyirmi ilə yaxın onunla məktublaşmış, kitab mübadiləsi etmişəm.
Alazan Baycanın şeirlərinin yeganə leytmotivi Vətən həsrətidir. O, mənə göndərdiyi məktubların birində yazırdı: “Dünyada yeganə arzum ana vətəni ziyarət etməkdir. Heç bilmirəm bu istək mənə qismət olacaqdırmı?” Çox təəssüf ki, vətənindən didərgin düşən qərib oğlun arzusu həqiqətə çevrilmədi. O, bütün ömrü boyu Vətən həsrətiylə yaşadı,Vətən həsrətiylə öldü.
Qərbi Almaniyanın Freyburq şəhərində 1989-cu il noyabrın 9-da gözlərini həyata yumdu.
Doktor A.Baycanın həyat yoldaşı İnqa xanım mənə göndərdiyi kədərli məktubda yazmışdı: Alazan ömrünün son dəqiqələrində bu sözləri dedi: Azərbaycan…Qazax…Səməd. O, bu sözləri deyəndən sonra keçindi”.
Alazan Baycanın şeir kitablarından və haqqında yazılmış nekroloqlardan həyat hekayəsini qısa şəkildə öyrənmək mümkün olub.
O, 12 may 1913-cü ildə Qazaxda doğulub, ibtidai və orta təhsilini bu şəhərdə alıb. 1929-cu ildə Qazax Müəllimlər Seminariyasını bitirib. Bir il Balakəndə müəllim işləyib, 1931-ci ildə Bakı Dövlət Universitetinin Tibb fakültəsinə daxil olub. Əsl ad-soyadı Hacı Həsənzadə olan Alazan Baycan dəmir pərdənin endiyi 1930-cu illərdə ölkəni tərk edib. 1933-cü ildə oxuduğu fakültədən ayrılaraq Güney Azərbaycana, oradan da Türkiyəyə keçib.
1934-cü ildə İstanbul Universitetinin Tibb Fakültəsinə daxil olub, 1939-cu ildə buranı bitirib. Həkimlik fəaliyyətinə başlayan Baycan İstanbulda bir il Gülhanə Tətbiqi Məktəb və Klinikasında, daha sonra Gemlik Hərbi Xəstəxanasında çalışıb. Baycan 1942-ci ildə digər mühacir Fuad Əmircanla birlikdə Almaniyaya gedib, bir il Berlin Universitetində çalışıb.
1943-cü ildən etibarən Freyburq Universitetində fəaliyyətə başlayıb. 1948-ci ildə daxili xəstəliklər üzrə mütəxəssis adını qazanan Baycan həmin ildən etibarən özəl müayinəxana açaraq fəaliyyət göstərib. Baycan xeyirxahlığına görə Almaniyadakı türk işçilər arasında “Baba” ünvanını qazanıb. O, Azərbaycanın yenidən müstəqillik əldə etməsinə iki il qalmış, 1989-cu il noyabrında Freyburqda vəfat edib.
Azərbaycan Kültür Dərnəyi şairin “Könül sazından” (1983) və “Dağ çiçəkləri” (1987) adlı şeir kitablarını çap edib. Freyburqda Höte küçəsində yaşayan Baycan Hötedən və Nitşedən türk dilinə tərcümələr edib. “Dağ çiçəkləri” şeir kitabına ön sözü Əhməd Qaraca yazıb. Kitaba şairin Hötedən tərcümə etdiyi 8, Nitşedən isə 5 əsər daxil edilib.
Arolsen arxivlərində yeni sənədlər
İnternetdə onlayn xidmət göstərən Arolsen arxivləri itkin düşən insanlar barədə materiallar toplayır, onları sistemləşdirir və nasist zülmünə, siyasi təqibə, irqi ayrıseçkiliyə məruz qalan insanların talelərinə işıq tutur. Onlayn arxivdə əsir düşən və ya müharibə illərində Almaniyada əsirlərə kömək etmiş şəxslər haqqında müxtəlif sənədlər toplanılır. Sistemdə yüzlərlə azərbaycanlıya dair materiallar da mövcuddur. Bəlkə də, daha çoxdur, çünki arxiv sistemli şəkildə tədqiqat tələb edir. Hətta o dövrlərdə Almaniyada əsir azərbaycanlılara kömək edən, Azərbaycan Demokrat Birliyinin təşəbbüskarı, cümhuriyyətimizin qurucusu Məhəmmədəmin Rəsulzadəyə aid də bəlgələr mövcuddur. Biz bu arxivdən daha çox tanınmış azərbaycanlıların materiallarını toplamağa çalışırıq. Onlardan biri də məhz Alazan Baycandır.
Sənədlərdə Alazan Baycanın soyadı kimi mötərizədə “Vurğun” adı qeyd olunub. Bu ikinci soyad, böyük ehtimalla, Səməd Vurğuna görədir. Doğum yeri kimi Qazax və 12.05.1913 tarixi əks olunub. Digər sənədlərdə milliyyətinin türk, vətəninin Azərbaycan olduğu yazılıb. Sənədlərdə şairin gənclik fotoşəkilləri verilib, ixtisasının həkim olduğu qeyd edilib. 1944-cü ilə aid digər bir sənəddə “Vineta Təbliğat Bölməsi”ndə tərcüməçi (almanca – Dolmetscher) olduğu yazılıb. Həmçinin hüquqi baxımdan “Vətənsiz” (Staatlos) sözü yer alıb. Amma sənəddə nədənsə mənşə ölkəsi kimi Bolqarıstan göstərilib. Ola bilsin ki, Almaniyaya Türkiyə-Bolqarıstan üzərindən keçdiyi üçündür. Başqa bir sənəddə 1933-1939-cu illərdə İstanbulda, 1943-1947-ci illərdə Freyburqda ixtisaslaşmış tibbi klinikada təhsil aldığı qeyd olunub.
Tədqiqatçı Məmməd Cəfərli “Azərbaycan legion ədəbiyyatı” adlı kitabında Baycanın da çalışdığı “Vineta Təbliğat Bölməsi” haqqında yazıb: “Alfred Rozenberqe hərbi əsirlərdən özlərinin təbliğatçılıq niyyətlərində istifadə etmək tapşırığı verilmişdi. SSRİ-yə hücum ərəfəsində Almaniyanın təbliğat nazirliyi nəzdində Eberhard Taubertin rəhbərliyi altında Şərq sahəsi üzrə Baş referat (“Generalreferat Ostraum”) təsis edildi. 1943-cü ildə bu təşkilat islah edilərək Şərq bölməsi (“Abteilung Ost”) adlandırıldı. Ancaq əməkdaşlar arasında bu təşkilat daha çox “Vineta Təbliğat Bölməsi” kimi tannıırdı”.
Beləliklə, Arolsen arxivlərindəki sənədlərdən aydın olur ki, Alazan Baycan 1947-ci ilədək düşərgələrdə həkim və tərcüməçi kimi fəaliyyət göstərib, sonradan Türkiyəyə qayıtmayıb, ömrünün axırınadək Almaniyada yaşayıb.
Qaynaq:
1. Həsənli Cəmil. İkinci Dünya müharibəsi illərində Azərbaycan hərbi, siyasi və diplomatik münasibətlərdə (1939-1945). Bakı, 2015.
2. Qasımlı Musa. Avropa və Amerika ölkələrinin müasir tarixi. I Hissə. 1918-1945-ci illər. Bakı, 2003.
3. Cəfərli Məmməd. Azərbaycan legion ədəbiyyatı. Bakı, 2005.
4. Абуталыбов Рамиз. Свои среди чужих, чужие среди своих. Москва, 2007.
5. Cabbarlı Nikpur. Mühacir şair Alazan Baycan. Türk Dili ve Edebiyatı Araştırmaları Dergisi, Sayı: 18, Ocak, Haziran, 2010.
6. Alazan Baycan. Gönül Sazından. Ankara, 1983.
7. Alazan Baycan. Dağ Çiçekleri. Ankara, 1987.
8. “Azərbaycan” dərgisi. Ankara, 270-ci say, 1989.
9. “Ədəbiyyat” qəzeti, sayı 16 (2411), 4 may 1990.
10. https://arolsen-archives.org
Mənbə: TELEQRAF.COM