Ərəb Qadın Parlamentariləri Forumu təsis ediləcək
“İNFONEWS” xəbər verir.
Ərəb Parlamenti növbəti sessiyasında Ərəb Qadın Parlamentariləri Forumunun təsis edilməsi barədə qərar qəbul edib.
Bu barədə rəsmi SPA agentliyinə açıqlamasında Ərəb Parlamentinin sosial, təhsil, mədəniyyət və qadın məsələləri daimi komitəsinin sədri Mastura Əl-Şəmmari bildirib.
Komitə sədri deyib ki, forumun təsis edilməsindən əsas məqsəd ərəb ölkələrində qadınların hüquqlarının müdafiəsi və gender bərabərliyinin təmini istiqamətində mexanizmlərin, qanunvericilik aktlarının işlənib hazırlanmasıdır. O əlavə edib ki, Ərəb Parlamentinin nəzdində fəaliyyət göstərəcək yeni strukturun beynəlxalq qadın təşkilatları və ayrı-ayrı ölkələrin parlamentlərinin qadın üzvləri ilə geniş əməkdaşlığı da nəzərdə tutulur.
M.Əl-Şəmmari bildirib ki, hazırda bir çox ərəb ölkələrində, xüsusilə Misir, İordaniya, Əlcəzairdə qadınlar qanunverici məclislərdə geniş təmsil olunurlar. Ərəb Qadın Parlamentariləri Forumu onlarla sıx əlaqə saxlayacaq, təklif və layihələri nəzərdən keçirəcək.