“…həyatda kim idisə, necə idisə, şeirlərində də o idi..”

“…həyatda kim idisə, necə idisə, şeirlərində də o idi..”

Hərdən mənə elə gəlir ki,
mən yox,
şeirlər məni yazır.
Oxunuram, oxunmuram,
kimi bəyənir məni
başqasının zəhləsi gedir
hər sözümdən, fikrimdən.
Bilmirəm,
bilmək də istəmirəm
kim cırıb atacaq,
kim əzbərləyəcək məni…

Vaqif Səmədoğlu ilə tanışlığım işlə bağlı dəvət edildiyim redaksiyalardan birində olub. O vaxtlar gənc idim, çox olsa 19 yaşım olardı.

Belə məşhur insanla rastlaşmağıma, eyni masa ətrafında oturub, söhbətlərini dinləyəcəyimə çox sevinsəm də, görüşümüzün ən pis tərəfi mənim Vaqif Səmədoğlu yaradığılığı ilə yaxından tanış olmamağım idi. O vaxtlar əsasən klassikləri mütaliə edirdim, müasir ədəbiyyatdan oxuduğum müəlliflər az idi. Amma gözləntilərim boş çıxdı; mövzu nə yaradıcılıq, nə də ədəbiyyat oldu. Çünki həmin dövr Azərbaycanın ən çətin, ağır illəri sayılırdı və hamımızın, eləcə də ziyalıların bir dərdi var idi, o da müstəqilliyimizin möhkəmlənməsi, siyasi vəziyyətin sabitləşməsi və əlbəttə ki, Qarabağ.

Vaqif müəllimin redaksiyaya gəlişi bir başqa əhval-ruhiyyə yaratmışdı. Qızlar çay gətirir, süfrəyə şirniyyatlar düzürdülər. Bu zaman Vaqif müəllim qızlardan birinə zarafatla dedi : “Ay Nazlı, noldu, elçilərin gəldi?” Adı kimi özü də nazlı-ədalı bir qız utanaraq nə isə mızıldandı… Biz eşitməsək də, Vaqif müəlliminin onun cavabına, “qalada yatmış idim, top atdılar oyanmadım” – deməsinə hamımız gülüşdük.

İndiyə kimi yadımdadır, həmin gün evə kitabxanadan götürdüyüm Vaqif Səmədoğlu kitablarından ibarət  bir yekə çanta ilə qayıtdım. Kitabların əksəriyyətini artıq yolda vərəqləyib, oxumağa başlamışdım.

Elə bu gün də əminliklə deyirəm ki, onun hər bir şeirindən, əsərindən aldığım böyük zövqü, fikri, düşüncəni heç nə ilə müqayisə edə bilmirəm.

Bu görüşdən neçə-neçə illər ötüb, keçib. Bir sözlə, Vaqif Səmədoğlu böyük şair olması ilə yanaşı, böyük şəxsiyyət idi və həyatda kim idisə, necə idisə, şeirlərində də o idi..

Yer üzündə
bircə qadın varsa
məhəbbət var yer üzündə.
Yer üzündə
bircə cocuq varsa,
övlad var yer üzündə.
Yer üzündə
bircə ağac varsa,
kölgə var yer üzündə.
Yer üzündə
bircə tikə torpaq varsa,
vətən var yer üzündə.

Bu gün böyük şəxsiyyət, əbədi ədəbi camiənin seçilmişlərindən olan xalq şairi Vaqif Səmədoğlunun vəfatından 7 il ötür.

Vaqif Səmədoğlu şair, dramaturq, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR Əməkdar incəsənət xadimi, Azərbaycanın xalq şairi, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, “Nəsimi” mükafatı laureatı və saymaqla bitməyən ödüllərin sahibi olmaqla bərabər, qəlblərdə taxt qurmuş nəcib ziyalımız idi.

Arzu MƏMMƏDQIZI

“İNFONEWS” komandası olaraq, xalqımızın şairini dərin hörmət və ehtiramla anırıq.

ALLAH RƏHMƏT ELƏSİN!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir