“İstəmirəm ki, rəsmlərim gözümdə ucuzlaşsın” – BİRİNCİ SÖHBƏT

“İstəmirəm ki, rəsmlərim gözümdə ucuzlaşsın” – BİRİNCİ SÖHBƏT

“İNFONEWS” –un qonağı yaradıcı, istedadlı gənc rəssam Zöhrab Salam-zadədir.

BİRİNCİ SÖHBƏT

Başlayaq…

Özüm haqqında nə danışım, nədən başlayım, düzünü deyim ki, bilmirəm.

Nə isə… başladım… Mən Zöhrab Salam-zadə

1992-ci ilin 19 noyabr tarixində Bakıda dünyaya göz açmışam. Atam mühəndis, anam isə memardır. Uşaqlıqdan, əlimə qələm alandan rəsm çəkirəm. Elə gün olmayıb ki, mən işləməyim, rəsm əsəri çəkməyim.

Valideyinlərimi çox sevirəm, məhz onların dəstəyi sayəsində rəssamlıq məktəbinə daxil oldum. İxtisas seçimində valideynlərim mənə qarşı çıxmadılar. Ümumiyyətlə, nəinki mənə böyük bacımın da karyerasına onlar dəstək olublar, hazırda bacım Günel interyer dizayneri işləyir.

Sənətə gəlişim…

Artıq 9-cu sinifdə qəti qərarlıydım ki, Əzim Əzimzadə adına Rəssamlıq Kollecində oxumalıyam, elə də oldu, təhsilimi orada davam etdirdim. Birinci kursdan sərgilərə dəvət alıb, fəal iştirak edirdim, bu günə gədər 50-dən çox sərgi və layihələrin iştirakçısı olmuşam. Kolleci bitirdikdən sonra Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına daxil oldum.

Hər zaman yaradıcılıq axtarışında olmuşam. Həmyaşıdlarımın arasında pis çəkməsəm də, bununla qənaətlənə bilmirdim. Və təhsilimin ilk mərhələsindən başladım rəngkarlıqda eksperementlər etməyə. Yaratdığım obrazlardan biri də div oldu.

Quş, divin başı, daha sonralar müxtəliv sufi motivlərdən dərvişlər rəsmlərimdə yer almağa başladı. Bir müddədtən sonra maraqlarım mənə üstün gəldi, bilik və məlumatlarımı daha da dərindən öyrənməyə çalışırdım. Hazırda bir çox işlər sırf konkret mövzular ilə bağlıdır. Və əsərlərimin əsas qəhramanları divlər, qeyri-adi möcüzəli varlıqlar və dərvişlərdir.

Həyatımın növbəti səhifəsi…

Evləndim. Bu mərhələ həm mənim həyatıma, həm də yaradıcılığıma birbaşa rəng qatdı. Çünki Aynur xanım – həyat yoldaşım peşəkar miniatürist, qrafik rəssamdır. əsərlərimə onun nağıllar dünyasını, qeyri-adi mifik obrazlar əlavə etdim. Beləliklə, daha məzmunlu, mənalı, dolğun ortaq işlərimiz meydana gəldi. Hazırda üzərində işlədiyimiz mövzular o qədər dərin və tükənməzdir, bəzən düşünürəm ki, bir ömür çatmaz onları rəsmə köçürməyə…

Hədəfim nədir? Həyatdan gözləntilərim…

Əlbəttə, bütün rəssamlar kimi mən də şəxsi emalatxanamın olmasını, əsərlərimin sağlığımda tanınmasını, sevilməsini, satılmasını istəyirəm. Başqa sözlə desəm, rəsmlərim dünyanı gəzsin, runuma, zövqünə, “öz xəyal aləminə” uyğun sahiblərini tapsın. Və tələbat da olsun ki, daha da gözəl işlər üzərində işləməyə başlayım.

Gözləntilər, məncə, rəssamlıqla düz gələn mövzu sayılmaz. Çünki hər bir əsər yarananda onun gələcəyi haqqında düşünmürsən, onun necə alınacağı, bu əsərinlə cəmiyyətə verəcəyin ismarıcın düzgün çatdıra biləcəyini düşünürsən. Mənə görə, məqsədli yaranan rəsmlər “alverçilik”dir, belə rəsmlər sevilmirlər. İnanın səmimiyyətimə ki, sırf ailəmi saxlamaq, gündəlik dolanışıq üçün rəsmlərimi satmaq məcburiyyətində qalmayım deyə, təhsilimi bitirdikdən sonra rəsm müəllimi işlədim. İstəmirəm ki, rəsmlərim gözümdə ucuzlaşsın.

Uğurlarım, nailiyyətlərim…

Mənə görə, uğur, xoşbəxtlik əzizlərimin, doğmalarımın sağlığı, üzlərinin gülməsidir.

Qarabağda “Xarı bülbül” festivalında mənim də “Xarı bülbül”üm nümayış etdirilib. Eləcə də, “Ürəklər parkın”da özümə oxşayan boyadığım ürək var. Bəlkə də, kimin üçünsə bunlar adi, balaca işlərdir. Amma bu işlər mənim üçün şöyük, sevgi dolu nailiyyətlərdir.

ARDI DAVAM EDƏCƏK…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir