BMM-də şair, tərcüməçi Ələkbər Ziyatayın xatirəsi anılıb

BMM-də şair, tərcüməçi Ələkbər Ziyatayın xatirəsi anılıb

 

“İNFONEWS” xəbər verir.

Beynəlxalq Muğam Mərkəzində şair, tərcüməçi Ələkbər Ziyatayın xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Mərkəzdən bildirilib ki, gecədə Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu, Əməkdar müəllim Ofeliya Babayeva çıxış edərək Ələkbər Ziyatay yaradıcılığından, şairin tərcümələri, lirik şeirləri və uşaq ədəbiyyatına verdiyi töhfələrdən söz açıblar.

Bildirilib ki, müəllifin ürəkləri riqqətə gətirən şeirləri, qəlbləri ovsunlayan nəğmələri ötən əsrin Azərbaycan ədəbiyyatı tarixində öz yerini tutur. Yaradıcılığa keçən əsrin 30-cu illərində “İkibaşlı qartal”, “Berlində yanğın”, “İki cahan” şeirləri ilə gələn şair ədəbiyyatımızı çox dəyərli sənət inciləri ilə zənginləşdirib. Tərcüməçi kimi Əlişir Nəvainin, Puşkinin, N.Nekrasovun, T.Şevçenkonun və başqalarının əsərlərinə Azərbaycan dillində həyat verməklə bədii tərcümənin qabil ustası kimi tanınıb.

Qeyd olunub ki, Ə.Ziyatay əsasən, nəğməkar şair kimi tanınırdı. Onun qəlb oxşayan mahnıları, incə qəzəlləri müğənnilərimizin, xanəndələrimizin sevə-sevə üz tutduğu ədəbi nümunələrdir.

Çıxışların sonunda şairin qızı Pərvin Cəfərova atasının xatirəsinə olan diqqətə görə təşkilatçılara minnətdarlığını ifadə edərək atası ilə bağlı xatirələrini bölüşüb.

Gecə bədii hissə ilə davam edib. Aktyorların ifasında şairin şeirləri və dillər əzbəri olan mahnılar səsləndirilib. Konsert proqramında Xalq artistləri Gülyanaq Məmmədova, Gülyaz Məmmədova, Əməkdar artist Zakir Əliyev, müğənnilər Rövşən Əziz, Sədəf Budaqova, Səbinə Ərəbli, Nicat Cəfərzadə, Kamilə Nəbiyeva, Günay İmamverdiyeva, Vüsal Hacıyev və Gülzar Fərəcova çıxış ediblər. İfaçıları Xalq artisti Adil Bağırovun rəhbərliyi ilə Əhsən Dadaşov adına “Xatirə” Xalq Çalğı Alətləri ansamblı müşayiət edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir