“İngilis dənizçiləri o qədər qorxaqdırlar ki…” – TƏLXƏKLƏR
“Təlxək” deyəndə ilk olaraq, hər kəsin ağlına şit-şit zarafatlar edən, axmaq hərəkətlərlə gülüş yaradan, arsız, əcaib geyimləri ilə fərqlənən insanlar gəlir. Lakin bu ilk baxışda belə görsənir. Əslində tarixən təlxəklər ağlı, hazırcavablığı, dünyagörüşü, gündəmi tutmaq məharəti ilə seçilmiş istedadlı şəxslər olublar.
Əksər saraylarda şahların, kralların yanına sərbəst girib-çıxan, hər sözü qorxusuz üzünə deyənlər də elə məhz təlxəklər olub.
Beləliklə, şah saraylarının bəlkə də ən hörmətli adamları təlxəklər idi. Siyasi hadisələrin gərginliyi zamanı, şaha xəbər, xüsusilə də, bəd xəbər çatdırılmasında təlxəklərə ehtiyac böyük idi. Çünki şaha pis xəbər gətirənin gələcək aqibəti bəlli olmazdı. Bu səbəbdən şaha çatdırılacaq xəbərləri təlxəklər vasitəsi ilə verirdilər.
“İNFONEWS” xəbər verir ki, tarixə düşən hadisələrdən biri də Fransada 1340-cı ildə saray təlxəyinin Kral VI Fillippə fransız donanmasının britaniyalılar tərəfindən darmadağın edilməsi xəbərinin çatdırılmasıdır. Belə ki, bu ağır xəbəri təlxək krala təxminən belə söyləyib: “İngilis dənizçiləri o qədər qorxaqdırlar ki, bizim igid fransızlar kimi gəmidən suya qəhrəmancasına tullanmağa ürək etməyiblər”.