“İNFONEWS.AZ” xəbər verir.
Azərbaycan-Türkiyə münasibətlərindən bəhs edilərkən Mustafa Kamal Atatürkün məşhur bir cümləsi söylənilir: “Azərbaycanın sevinci sevinci, kədəri kədərimizdir”.
Bu cümlə Azərbaycan İctimai Şuralar Cümhuriyyətinin Ankaradakı səfiri İbrahim Əbilovun etimadnaməsi oxunulduqdan sonra söylənilib.
“Hakimiyyəti-milliyyə” qəzetinin 1921-ci il 15 oktyabr tarixli yazısında Mustafa Kamal paşanın çıxışı bu şəkildə təqdim edilib:
“Hörmətli təmsilçi həzrətləri. Azəri türklərinin və Azərbaycan İctimai Şura Hökumətinin qardaşlıq salamına Türkiyə Böyük Millət Məclisi və onun ordusu adına ali şəxsiyyətiniz vasitəsiylə yenə qardaşcasına qarşılıq verməkdən xoşbəxtik. Türkiyə xalqı, Türkiyə Böyük Millət Məclisi və onun ordusu azərbaycanlıların və təmsilçisi olduğunuz hökumətin haqqımızda göstərdiyi səmimiyyətə görə xoşbəxtdir. İşğal düşüncəsi ilə başlamış Dünya müharibəsini sona çatdıran qaliblər təklif etdikləri sülh şərtləri ilə vətən torpaqlarımızı, müstəqillik və azadlığımızı əlimizdən almağa, yüz illərdən bəri islamın və türklüyün fədakar qoruyucusu olan millətimizi əsir dərəcəsinə salmağa çalışdılar. İki ildir Rumeli və Anadoluda başlayan hərəkatlarımız bu zorba hücuma qarşı çıxmaqdan və hər varlığın yaradılışdan sahib olduğu özünümüdafiə haqqını istifadə etməsindən başqa bir şey deyildir. Milli sərhədlərimiz içində azad və müstəqil yaşamaq istəyirik.
Bu haqlı və qanuni məqsədimizi qazanmaq üçün cəhd edirik. Bu müqəddəs savaşda millətimiz islamın qurtuluşuna, dünyada zülm görmüş və haqsızlığa məruz qalmış olanların daha rahat olmalarına xidmət etdiyinə görə öyünməkdədirlər. Millətimiz bu həqiqətin qardaş Azərbaycanın təmsilçisi tərəfindən təsdiqləndiyini eşitməkdən böyük xoşbəxtlik hiss edir. Rumeli və Anadolu xalqı azəri qardaşlarının qəlbinin öz qəlbi kimi döyündüyünü bilirlər. Buna görə də gətirdiyiniz salam hədiyyəsinin nə qədər dərin və uca bir duyğunun əsəri olduğunu bilir və bu salamı qəbul edərkən azəri türklərinin də bir daha əsarətə düşməmələrini və haqlarının ayaqlar altına alınmamasını istəməkdədirlər.
Azəri türklərinin dərdləri öz dərdlərimiz və sevincləri öz sevinclərimiz kimi olduğu üçün diləklərinə çatmaları, azad və müstəqil olaraq yaşamaları bizi çox sevindirir. Türkün xoşbəxtliyi və haqsızlığa məruz qalanların qurtuluşu yolunda Azərbaycan türklərinin də qanını tökməyə hazır olduqlarına dair açıqlamalarınız işğalçılara qarşı türkün və haqsızlığa məruz qalanların gücünü artıran çox dəyərli bir sözdür. Türkiyə Böyük Millət Məclisi və hökumətinin iki qardaş millət arasındakı bağ və marağın daha sağlam və dayanıqlı bir şəkildə olacağına bütün gücüylə çalışacağını və bu mövzuda sizə gərək olan hər cür yardımları edəcəyini ərz edirəm.
Hörmətli təmsilçi həzrətləri! Qardaş azərilərin bildirdikləri səmimi sözlərdən xeyli duyğulandığımı bir daha söyləyərək və ordumuzun qalibiyyəti adına arzuladığınız diləklərə qarşı səmimi təşəkkürümün qəbulunu rica edirəm”.
1921-ci il noyabrın 18-də isə Ankaranın Cəbəci səmtində Hamamönü adlı yerdə Azərbaycan səfirliyinin binasına rəsmi törənlə bayraq ucaldıldı. Rəsmi “Hakimiyyəti-Milliyyə” qəzetində “Ankara səmalarında Azərbaycan sancağı” başlıqlı xəbər dərc edildi. AİŞC bayrağının Ankarada dalğalanması münasibətilə söylədiyi nitqində Atatürk belə deyib:
“Səfir həzrətləri. Bu gün bizə sevincli bir bayram yaşatdığınız üçün Böyük Millət Məclisi hökuməti və şəxsim namına təşəkkür edirəm. Bu bayram gününün mənim üçün məsud bir tərəfi daha vardır ki, o da müstəqil Azərbaycan Şura Hökumətinin bayrağını qaldırmaq şərəfini mənə bəxş etməsidir. Əfəndilər, Ankaraya yunanların, düşmənlərin bayrağını qaldırmaq istəyirdilər. Bu fürsəti, həmd olsun ki, düşmənlərimiz əldə edə bilmədilər. Burada məhz qardaş hökumətin, qardaş millətin bayrağının qaldırılmasından bəxtiyarıq”.
Mustafa Kamal paşa ilə AİŞC səfiri İbrahim Əbilovun dostluq münasibəti haqqında çox yazılıb. Bu fakt da onu göstərir ki, Azərbaycanda hansı hökumətin olmasından asılı olmayaraq istər Osmanlı, istərsə də TBMM hökuməti yanımızda olub.
Necə ki, bu gün də belədir.
Azərbaycan arxivlərində Mustafa Kamal paşanın İbrahim Əbilova imzaladığı fotoşəkil də qorunur.
Atatürkün Əbilovla bir neçə fotoşəkli mövcuddur. Onlardan ən mühümü 1922-ci ildə Ankarada azərbaycanlı diplomatlarla birgə çəkiləndir. Həmin şəkildə Atatürk, İbrahim Əbilov, Nadir İbrahimov, İsmayıl İsmayılov və b. təsvir olunublar.
Atatürkün imzaladığı və digər fotoşəkilləri təqdim edirik:
Müəllif: Dilqəm Əhməd