Spiker təhsil qanunvericiliyin təkmilləşməsi ilə bağlı hökumət nümayəndələrini topladı

“İNFONEWS” xəbər verir.

“Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması məqsədi ilə yaradılmış işçi qrupunun videokonfrans formatında görüşü keçirilib.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə keçirilən konfransda Təhsil naziri Emin Əmrullayev, Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri, müvafiq dövlət qurumlarının nümayəndələri, ali təhsil ocaqlarının rəhbərləri və ekspertlər iştirak ediblər.

Sahibə Qafarova qeyd edib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanmış və 2013-cü ildə təsdiq etdiyi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” təhsil sahəsində islahatların yeni mərhələsi olub.

Bu baxımdan Prezident İlham Əliyevin təsdiq etdiyi “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” ali təhsilin keyfiyyətcə yeni səviyyəyə keçidini təmin etməyə yönəlib.

Belə ki, bu proqramda həm ali təhsilin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları və xarici mütəxəssislərin cəlb olunması yolu ilə təkmilləşdirilməsi, həm də xaricdə doktorantura təhsili vasitəsilə elmi kadrların hazırlanması nəzərdə tutulur. Ali təhsil müəssisələrinin müasir elmi – tədqiqat və innovasiya mərkəzlərinə çevrilməsi prosesi sürətlənməli və onların dünya reytinqində irəliləməsi təmin olunmalıdır. Nəticə etibarilə tədqiqat universitetlərinin yaradılması, əmək bazarının tələbləri əsasında yenilikçi, peşəkar kadrların hazırlanması təmin edilməlidir.

“Mövcud qanunvericiliyin təhlili göstərir ki, ali təhsilin Avropa ali təhsil məkanına inteqrasiyanı sürətləndirmək məqsədilə kifayət qədər zəruri dövlət proqramlarının icrasına, “Təhsil haqqında” qanuna dəyişiklik və əlavələrin edilməsinə baxmayaraq, ali təhsilin qanunvericilik bazası yetərincə təmin edilməyib. Ali təhsil haqqında məsələlər “Təhsil haqqında” Qanunda əsasən bir maddədə və çox qısa formada əksini tapmışdır. Bu sahədə məsələlər digər normativ və hüquqi sənədlər əsasında tənzimlənir. Halbuki, bu məsələlər qanunla tənzimlənməlidir. Bu, həm də Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyaların tələbidir. Ona görə də ilk dəfədir ki, Azərbaycanda “Ali təhsil haqqında” qanun hazırlanır. “Əvvəllər belə bir qanun olmayıb”,-deyə spiker qeyd edib.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri, İşçi Qrupun rəhbəri Bəxtiyar Əliyev bildirib ki, bu, işçi qrupunun ilk iclasıdır: “Bugünkü iclasın məqsədi təhsil sahəsi üzrə mütəxəssislərin fikirlərini dinləmək, mövcud vəziyyəti təhlil etmək və onların əsasında “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanmasıdır. Bununla bağlı biz beynəlxalq konvensiyaları, ölkəmizin qoşulduğu bir sıra beynəlxalq sənədləri, qanunvericiliyimizi və əmək bazarını təhlil etmişik. Bu gün səslənən fikirlər əsasında qanun layihəsinin ilkin variantı hazırlanacaq. İşçi qrupunun növbəti iclasında qanun layihəsinin ilkin variantı müzakirə ediləcək. Qanun layihəsi hazırlanıb komitəyə təqdim edildikdən sonra onun geniş müzakirələri keçiriləcək. Komitədə müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunacaq.

Sonra videokonfransda çıxış edən təhsil naziri Emin Əmrullayev bildirib ki, Azərbaycan təhsilinin qarşısında dayanan mühüm məsələ olan “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması məqsədilə bu cür geniş müzakirənin keçirilməsi təqdirəlayiqdir:

“Hazırda ölkəmizdə 51 ali təhsil müəssisəsi fəaliyyət göstərir. Onların 20-si Təhsil Nazirliyinin tabeliyində, 13-ü digər nazirlik və komitələrin nəzdində fəaliyyət göstərir, 11-i özəl, 7-si isə xüsusi təyinatlıdır”.

Nazir hazırlanacaq qanun layihəsinin əsas məsələləri barədə məlumat verib. E.Əmrullayev təhsil sisteminin iştirakçıları, ali təhsilin əlçatanlığı, təhsilin keyfiyyəti, səmərəliliyi, idarəetmə prosesi, ali təhsilin mövcud maliyyələşmə mexanizmləri, təhsilin beynəlxalq standart üzrə təsnifatı, təqaüdlər, tələbə kreditləri, tədris və təlim prosesi, təhsilin iqtisadiyyatı, təhsilin keyfiyyətinə nəzarət və təhsilin formaları barədə fikirlərini bölüşüb, qanun layihəsində nəzərə alınmalı olan məsələləri diqqətə çatdırıb.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul, tələbə qəbulu prosesinin ümumi qaydaları haqqında təkliflərini səsləndirib. DİM sədri beynəlxalq imtahanlar haqqında, ali təhsilin beynəlmiləlləşməsi haqqında, ali təhsil müəssisələrində təhsilin keyfiyyətinin qiymətləndirilməsi, qəbul imtahanlarında keçid ballarının aşağı salınması, qəbul planının artırılması və digər məsələlər barədə fikirlərini bildirib. Məleykə Abbaszadə hazırlanacaq qanun layihəsində bir sıra anlayışların açıqlanmasının vacibliyindən danışıb, tələbə qəbulu sahəsində statistik məlumatları diqqətə çatdırıb.

Onlayn videokonfransda çıxış edən Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri – İsa Həbibbəyli, Musa Qasımlı, Ceyhun Məmmədov, Etibar Əliyev, Anar İsgəndərov, Kamilə Əliyeva, Şahin Seyidzadə, Aqiyə Naxçıvanlı, Pərvin Kərimzadə və Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov hazırlanacaq qanun layihəsi barədə qeyd və təkliflərini səsləndiriblər. Çıxış edənlər distant təhsil, elmi kadrların hazırlanması, təhsildə milli-mənəvi dəyərlər, bu sahədə qarşıda dayanan vəzifələr barədə fikirlərini bildiriblər.

Səslənən təkliflər əsasında  “Ali təhsil haqqında” qanun layihəsinin ilkin variantı hazırlanacaq və işçi qrupunun növbəti iclasında geniş müzakirə olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir