“Müasir texnologiyalara uyğun inkişaf edən ali təhsil tamamilə fərqli olacaq”

“Müasir texnologiyalara uyğun inkişaf edən ali təhsil tamamilə fərqli olacaq”

Azərbaycanda ali təhsildəən uğurlu və mütərəqqi islahatlardan biri məhz adambaşına maliyyələşməyə keçidin tətbiq edilməsidir. Bu o deməkdir ki, yüksək bal toplayan və dövlət sifarişi əsasında təhsil almaq hüququ qazanan tələbələrin təhsil haqqından başqa, ali təhsil müəssisələrinə dövləəlavə heç bir ödəniş etmir.

“İNFONEWS”:

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradovun sözlərinə görə, bu yanaşma doğru olaraq, heç bir fərq qoyulmadan dövlət və özəl ali təhsil müəssisələrinə şamil edilir. Bununla yanaşı, inanırıq ki, dövlət ali təhsil müəssisələrinin gəlir qazanmaq imkanlarının genişləndirilməsi və o cümlədən, maliyyə resurslarına çıxış imkanlarının asanlaşdırılması bu addımın müsbət təsirini əhəmiyyətli dərəcədə gücləndirə bilərdi. Bu sahədə dövlət və özəl universitetlərin hüquqlarının eyniləşdirilməsi ilk addım ola bilər.

Rektor bildirib ki, haqlı olaraq, universitetlərin dəyişməli olduğu istiqamətlərdən biri kimi, tələbəmərkəzli təhsilin təmin edilməsi də göstərilir. Tələbə mərkəzli təhsil ilk növbədə, universitetin təfəkkür növünün və mədəniyyətinin göstəricisidir. Yeni universitet təfəkkürü və mədəniyyəti tələbələrin biliyinin qiymətləndirilməsi sisteminin kökündə dəyişdirilməsini də tələb edir. Bu baxımdan inanırıq ki, ənənəvi imtahan sessiyalarının ləğv edilməsi vaxt məsələsidir. Tələbələrin biliyi təhsil dövrünün sonunda deyil, təhsil prosesində qiymətləndiriləcək.

Ədalət Muradovun dediyinə görə, ənənəvi iqtisadiyyatdan fərqli olaraq, rəqəmsal iqtisadiyyat tələb və təklif arasında fərqi tədricən aradan qaldırır. Ali təhsil baxımından bu o deməkdir ki, əmək bazarının tələbinə uyğun mütəxəssis hazırlığı kimi daimi müzakirə olunan bir problem öz həllini asanlıqla tapa bilir. Belə ki, böyük verilənlərin təhlili əsasında hazırlanması vacib olan mütəxəssislər asanlıqla müəyyən ediləcək. Süni intellektin tətbiqi isə bu prosesi daim nəzarətdə saxlamaqla onun obyektivliyini və çevikliyini təmin edəcək.

UNEC rektoru qeyd edib ki, ali təhsildə təbaşir və qara lövhə, sonra marker və ağ lövhə, daha sonra proyektorlardan istifadə etməklə dərslərin şahidi olmuşuq. Bunlar dünən idi. Başqa sözlə, tələbələr tərəfindən məlumatların passiv qəbul edilməsinə yönəlmiş və müəllimin keçirdiyi ənənəvi mühazirələr və seminar məşğələlərinin gələcək məzunları peşəkar fəaliyyətə hazırlaya bilmədiyi artıq mübahisə predmeti deyil: “Bu baxımdan, daha çox ekspertlər tərəfindən bu günün və sabahın təhsil modeli kimi Çevrilmiş Təhsil (Flipped Education) modeli qəbul edilir. Bu, Y və Z nəsillərin qəbul edə biləcəyi fəal öyrənmə metodu olmaqla, həm də hər bir tələbənin bacarıqları nəzərə alınmaqla fərdi təhsil trayektoriyasının tətbiqidir”.

Ədalət Muradovun sözlərinə əsasən, digər fəaliyyət növlərindən fərqli olaraq ali təhsilin müasir texnologiyaların inkişafına paralel olaraq inkişaf edə bilmədiyini görməmək mümkün deyil. Bu sahədə mövcud çərçivələrin genişləndirilməsində fayda var. Müasir texnologiyalara uyğun inkişaf edən ali təhsil tamamilə fərqli olacaq. Universitetlər də bu gün mövcud olan universitetlərə oxşamayacaqlar: “Müasir və fərqli universitet quruculuğu tələbəni universitetə deyil, universiteti tələbəyə uyğunlaşdırmaq probleminin həllini də tələb edir. Ali təhsildə yol verilən üç əsas səhv: 1 – ali təhsildə məqsəd və vasitələr getdikcə daha çox qarışdırılır, 2 – ali təhsildə rəqabət aparan dəyərlərin optimal balansının təmin edilməsindən imtina edilir və 3 – insanlarla müqayisədə “maşınlardan” gözləntilər durmadan artır”.

Rektor vurğulayıb ki, kağız kitablarla müqayisədə elektron kitablar bir qayda olaraq, ucuz satılır. Bununla da yanlış fikir formalaşır ki, kitabın qiyməti müəllifin intellektual kapitalı və illərlə sərf etdiyi əməyilə deyil, guya əsasən kitabın çapına və yayılmasına çəkilən xərclərlə müəyyən edilir: “Hazırkı dövrdə məlumat bolluğu hökm sürür və məlumatlar sürətlə artmaqda davam edir. Məlumat bolluğu isə diqqət qıtlığı problemi yaradır. Ali təhsil baxımından bu o deməkdir ki, diqqət qıtlığı uzun müddət ərzində təhsilalanın diqqətinin eyni problemə yönəldilməsini mümkünsüz edir. Bu, hazırkı dövrdə bilik yaradan, bilik bölüşən və təhsilverənlər qarşısında duran ən ciddi, “ölüm-dirim” məsələlərindəndir”.

Ədalət Muradov bildirir ki, son üç ildə ilk dəfə məzuniyyətə çıxmağımla UNEC-də atılan və atacağımız addımlara kənardan baxmaq imkanım yarandı: “Ali təhsildə köklü dəyişiklik təhsilalanı obyektdən öz inkişafının subyektinə çevirməlidir. Bu isə təhsil prosesinin bütün subyektlərinin funksiyalarına və bütövlükdə təhsil prosesinə yenidən baxılmasını qaçılmaz edir. Ali təhsilin gələcəyinin ali təhsilin keçmişinin təhlili əsasında formalaşdırıla biləcəyinə inanmırıq. Bu vəzifənin ali təhsilə tamamilə yeni baxış əsasında reallaşa biləcəyinə əminik. Həqiqət həm də ondan ibarətdir ki, ali təhsildə vəziyyətin  pisləşdiyi və qeyri-qənaətbəxş olduğu halda keçmişin təcrübəsi və onun bərpası xilas kimi görünə bilər. Nəticədə, ali təhsilin uğurlu gələcəyi ali təhsilin keçmişinə qayıdış səviyyəsilə ölçülə bilər. Yəni “gələcəyə istiqamətlənmək” keçmişə qaytaracaq”. 

UNEC rektorunun fikrincə, mövcud ali təhsil sisteminin bir sıra elementlərini təkmilləşdirmək yox, tamamilə yenidən qurmaq məqsədəuyğun görünür. Bu baxımdan ali təhsildə gözlənilən nəticələri təmin edən faydalı dəyişikliklər həm də tamamilə yeni mütəxəssislər olan pedaqoji dizaynerlərin bu prosesə cəlb edilməsini qaçılmaz edir: “Ali təhsil ölkənin iqtisadi və sosial inkişafının drayverinə çevrilməlidir. Bu isə ali təhsildə dəyişiklərin xarakterindən asılıdır.  Ölkənin iqtisadi və sosial inkişafında ali təhsilin rolunun konkretləşdirilməsi bu sahədə konkret hədəflərin müəyyən edilməsini zəruri edir. Başqa sözlə, ali təhsildə proseslərin idarə edilməsindən daha çox nəticələrin idarə edilməsinə fokuslanmaq daha faydalı görünür. Yəni ali təhsildə aralıq (yekun hədəflərə xidmət edən qısamüddətli) və yekun hədəflərin (uzunmüddətli) dəqiqləşdirilməsinə ehtiyac olduğunu düşünürəm”.

Ədalət Muradov deyib ki, uğur kimi qəbul edilməlidir ki, ali təhsilin rəqəmsallaşmasının zəruriliyi artıq hamı tərəfindən qəbul edilir. Bununla yanaşı, həm də qəbul edilməlidir ki, təhsilin transformasiyasının məqsədləri, təhsilin təşkilati forma və metodları da dəyişməlidir. Əks halda, səmərəsiz proseslərin rəqəmsallaşması onun səmərəsizliyini daha da artırır. Yəni rəqəmsallaşma səmərəsizliyin “təkmilləşməsinə” xidmət edir. Bu, tamamilə yeni universitet modelini hədəfləyən ali təhsilin sistemli rəqəmsal transformasiyasını tələb edir. Ali təhsilin rəqəmsal transformasiyası isə vahid standart yanaşmanı qəbul etmir: “Sürətli və tamamilə yeni xarakterli dəyişikliklər ali təhsildən gözləntiləri də sürətlə dəyişir. Ali təhsildə islahatlar və onun uğurunun aşağıdakı amillərdən əhəmiyyətli dərəcədə asılı olduğu qənaətindəyəm – 1. Nə öyrədilməlidir (kurrikulum), 2. Necə öyrədilməlidir (pedagogika), 3. Nə vaxt və harada öyrədilməlidir (təhsil texnologiyaları və real dünya), 4. Kimlər öyrədilməlidir (təhsilə cəlbolunma və əhatəlilik). Cəmiyyətdə oturuşmuş əsas fikir ondan ibarətdir ki, universitetlər əmək bazarının tələblərinə uyğun mütəxəssislər yetişdirməlidirlər. Başqa sözlə, ali təhsilə əsasən işçi qüvvəsi yetişdirən təsisat kimi baxılır. Fərqli baxışlara demək olar ki, rast gəlinmir. Beləliklə, univetsitetlərdən və müxtəlif hazırlıq kurslarından gözləntilər eyniləşdirilir. Reallıqda isə cəmiyyətin və onun dəyərlərinin gələcəyi əmək bazarının tələblərinə cavab verən mütəxəssislərdən əsla asılı kimi görünmür. Cəmiyyəti formalaşdıran, onun dəyərlərini qoruyan və inkişaf etdirən əsas amil, əsas qüvvə kimi cəmiyyət tərəfindən qəbul edilən dəyərlərə malik olan və həmin dəyərləri cəmiyyətə aşılaya bilən şəxsiyyətlər qəbul edilir. Ali təhsil bu şəxsiyyətləri formalaşdıra bilirmi və yaxud bilərmi? Doğru qeyd edilir ki, “təhsil fərdin mədəniyyətindən başqa bir şey deyil”. Yeni bilik və bacarıqlar əldə etmək prosesi kimi ali təhsil “mədəniyyət adamının” formalaşması prosesi kimi də qəbul edilir. Başqa sözlə, ali təhsil elə bir prosesdir ki, o, həm də elə mədəni bacarıqları yaradır (yaratmalıdır) ki, onlar təhsilalanın özünü şəxsiyyət kimi formalaşdırmasını təmin edir”.

Rektor əlavə edib ki, ali təhsil ancaq kənardan, səthi baxanda konkret bilik, bacarıq və vərdişlərin formalaşmasına, konkret olaraq hər hansı bir fəaliyyət növü ilə məşğul olmağa yönəlmiş kimi görünür. Mahiyyət etibarı ilə ali təhsil əsasən təhsilalanın özünütəhsil və özünüinkişaf bacarıqlarının formalaşmasıdır. Qəbul etmək lazımdır ki, heç bir ali təhsil insanı öyrəndiyi peşənin və son nəticədə gələcək həyatının bütün özəlliklərinə hazırlaya bilmir. Bu, heç mümkün də deyil: “Təhsil prosesi həm də mədəni prosesdir, çünki o, dialoqa əsaslanır. Təhsilin mahiyyətini və məzmununu da son nəticədə mədəniyyət müəyyən edir. Təhsil, proses kimi xüsusi olaraq seçilmiş mədəniyyət nümunələri və dəyərlərinə əsaslanır. Yəni təhsil xüsusi mədəniyyət mühitidir. Ali təhsilin nəticəsi sosiallaşmış insandır. Təhsil müəssisəsi şəxsiyyətin yetişməsinə hədəflənməməlidir. Çünki şəxsiyyət fərdin özünün səyləri hesabına formalaşır. Yəni şəxsiyyət fərdin özünün hədəfidir. Həqiqət həm də ondan ibarətdir ki, şəxsiyyət ali təhsilin deyil, məhz mədəniyyətin məhsuludur. Təhsil isə bu prosesə ancaq şərait yarada və yardım edə bilər. Beləliklə, cəmiyyətin sağlamlığı, milli dəyərlərin dominantlığı cəmiyyətin şəxsiyyətlərə, təhsilə və eləcə də, özünə baxışından asılıdır”.

Sevinc QARAYEVA

“525-ci qəzet”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir