Ağlara bürünən Daşkəsən

Ağlara bürünən Daşkəsən 

Hər fəsildə gözəllik diyarı olan Azərbaycanımın dilbər guşələrindən biri də Daşkəsəndir.

Daşkəsən rayonu Azərbaycan SSR ərazisində 1930-cu ildə inzibati ərazi kimi yaradılmışdır. Daşkəsən şəhərinin əsası Böyük Vətən müharibəsindən sonra 1948-ci il mart ayının 16-da qoyulub. Rayon əsasən dəmir filizi yataqlarının istifadəyə verilməsi ilə əlaqədar salınıb. 1956-cı ilə qədər Dəstəfur rayonu adını daşımış, 1956-cı ildə Daşkəsən adlandırılmışdır. 1963-cü ildə ləğv edilərək ərazisi o dövrkü Xanlar rayonuna verilmiş, 1965-ci ildə isə yenidən müstəqil inzibati ərazi – rayon olmuşdur. Zağalı, Zivlən, Bayan, Qurubulaq, Əmirvar, Xoşbulaq, Zağalı, Dardərə və başqa kəndlərdə aparılmış arxeoloji qazıntılar bu rayonun ərazisində daş dövrünə aid insan məskənlərinin olmasını sübut edir. Daşkəsən rayonu ölkənin qərbində yerləşir və Gəncə-Daşkəsən iqtisadi rayonuna daxildir. Rayon Göygöl, Kəlbəcər, Gədəbəy, Şəmkir rayonları və Ermənistanın Qeqarkunik vilayəti ilə həmsərhəddir. Daşkəsən rayonu Kiçik Qafqazın şimal–şərqində yerləşdiyi və səthi şimala doğru alçalan dağlarla əhatə olunduğu üçün olduqca mənzərəli, qışda qismən azalan, yaz-yay, payız mövsümlərində aşıb-daşan dağ çayları ilə zəngindir. Onlardan Göy-göl (Zivlən kəndi), Gəncəçay (Çanaqçı-Dəstəfur kəndləri), Ballıcalı (Qaraqollar), Şəmkirçay (Astaf kəndi), Qoşqarçay (Xoşbulaq kəndi-Daşkəsən şəhəri) çaylarını göstərə bilərik.

 

Rayona xüsusi gözəllik verən, yol boyunca uzanan qalın və seyrək meşələr var. Meşələrdə, əsasən fıstıq, vələs, palıd, cökə, söyüd, göyrüş, qozqara (qaraağac), töləkə və görməşov ağacları bitir. Rayonda insan sağlamlığı üçün xüsusi əhəmiyyət kəsb edən müalicəvi əhəmiyyətli bitkilər var. Onlardan kəklikotu, gülxətimi, qəfli, sarıçiçək, çobanyastığı, boymadərən, boyxoş, andız, qaraçiyələm, qaraçörək, yarpız, daşyarpızı, dəvədabanı, solmazçiçəyi, yasəmən, çəmən, yolotu (qırxbuğum), cincilim qantəpər, şehdərən, dağ bənövşəsi, bənövşə, nərgiz, lilpar, unnuca, gicitkən, qaymaqçiçəyi və s. yerli əhali tərəfindən yığılır.

Qış öz bəyaz sehriylə və gözəlliyi ilə Daşkəsən meşələrini ağ örpəyə bürüyüb.

Hazırda Daşkəsəndə ara vermədən qar yağır. Burda hava -6°dır. Axşamlar bu -13°,-14° də olur . Hava şəraiti ilə əlaqədar bəzi kəndlərə gedə bilməsək də ,yaxın kəndlərdən görüntülər var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir