TÜRKSOY Qaziantepdə zəlzələdən zərər çəkənlərə 120 çadır qurub.
“Türkiyəli qardaş və bacılarımız bu günlərdə çox acı və çətin günlər yaşayırlar. Türk dünyası olaraq onlara maddi və mənəvi dəstək göstərməyi özümüzə mənəvi borc hesab edirik”.
İNFONEWS xəbər verir ki, Ankara Bürosuna Beynəlxalq Türk Mədəniyyət Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Rayev bildirib.
Sultan Rayev deyib ki, TÜRKSOY zəlzələdən zərər çəkənlərə ilk gündən mütəşəkkil qaydada dəstək kampaniyasına start verib:
“13 nəfərlik TÜRKSOY könüllülərimiz zəlzələ baş verən sahələrdə axtarış-xilasetmə işləri aparan heyətə könülü olaraq tərcüməçi kimi dəstək verirlər. Bundan başqa, heyətimiz hər gün 3-4 bal gücündə afteşokların davam etdiyi Qaziantepdə zəlzələdən zərər çəkənlər üçün qışda soyuğa, yayda istiyə davamlı 120 çadır qurublar. Bu tipli aksiyamız davam edəcək”.
Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda Türkiyə vaxtı ilə saat 04:17-də 7,7, Kahramanmaraşın Elbistan rayonunda saat 13:24-də 7,6 maqnitudalı zəlzələ olub. Bundan başqa eyni gündə 04:26-da, Qaziantepin Nurdağı rayonunda 6,4, saat 04:36-da isə Qaziantepin İslahiye rayonunda 6,5 maqnitudalı zəlzələ baş verib. Zəlzələ Kahramanmaraş, Hatay, Osmaniyə, Adıyaman, Qaziantep, Şanlıurfa, Diyarbakır, Malatya və Adana başda olmaqla ətraf ərazilərdə dağıntılar törədib, təkanlar paytaxt Ankarada hiss edilib.