“Ədəbiyyatdan namələr”: CAN QARDAŞIM, QAN QARDAŞIM – Namə 15
“İNFONEWS” – un “Ədəbiyyatdan namələr” layihəsində On beşinci namə
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Azərbaycan dili” kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru, “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi”, “Heydər zirvəsi” medalı və “Xarıbülbül” mükafatları laureatı, beynəlxalq dilçi-turkoloq ekspert Aynur Familqızı Paşayeva təqdim edir:
On beşinci namə:
CAN QARDAŞIM, QAN QARDAŞIM, TÜRKİYƏM!
Bir ananın iki oğlu,
Bir amalın iki qolu
O da Ulu, bu da Ulu
Azərbaycan-Türkiyə!
Bu sözlərin müəllifi Türk Dünyasının dahi şairi, son günlər qardaş Türkiyədə baş verən fəlakətin fonunda eyni faciəni, ağrı-acını 1999-cu ildə “Dəprəm” şeiri ilə yaşayan və yaşadan, ürək yanğısı ilə qələmə alan, qardaş yarasınına məlhəm olan, yaralarını sarımağa can atan, bütün varlığı ilə türkçülüyü təbliğ edən Bəxtiyar Vahabzədənin anım günüdür…
Eşidincə ata yurdda depremi,
Axdı yaşım, döndü başım, Türkiyə.
Hər dərdimin, hər qəmimin ortağı
Can qardaşım, qan qardaşım, Türkiyə.
Varmı qəza, varmı bəla, de, bunca?
Səninləyik biz ki ömür boyunca.
Faciəni biz uzaqdan duyunca,
Gözlərimdən axdı yaşım, Türkiyə.
Bəxtiyar Bahabzadə həqiqətin özü, sözü idi… O, heç vaxt Qərb üsulunda türkləşməni qəbul etmirdi və istəmirdi, həmişə türkləri Şərqin önündə getməyə səsləyirdi. Maraqlı bir hayişə… Azər Turanın araşdırmasında Şairin öz yazdığını diqqətlə oxuyaq:
“Bir mühüm məsələ son zamanlar məni yalnız düşündürmür, həm də bu bəlaya əlac axtarıram. Bu əlacı Mirzə Cəlillər tapa bilmədi, mən hardan tapa biləcəyəm? Yazırsan ki, “bizi özümüz olmağa qoymurlar”. Bu fikrinə bir iradım var: Çünki heç kəs bizim əlimizdən tutub özümüz olmağa mane olmur, biz özümüz özümüz olmaq istəmirik, biz özümüz başqalarını təqlid eləməkdən ötrü ölürük. Bir sözlə, biz təqlid dəlisiyik, biz özümüzdən başqa hər kəsə bənzəmək istəyirik. Min dəfə təəssüf olsun ki, bu, yalnız biz Azəri türklərinə məxsus deyil. Bütün türklər bu xəstəliyə tutulub. 70 milyonluq Türkiyə türklərindən tutmuş, Orta Asiya türklərinə qədər hamısı yamsılamaq xəstəliyinə tutulub. Bir neçə il bundan əvvəl Türkiyə mətbuatında nəşr etdirdiyim “Ey qocaman Türkiyə” məqaləmdə yazmışdım: “Ey Türkiyə türkləri, 200 ildən çox bir müddətdir ki, “Batı Batı” (Qərb, Qərb) deyə-deyə özünüzü batırdınız. Kifayət deyilmi? Qərb sizə nə verdi? Sizi Avropa Birliyinə də qəbul etmədilər. Etməyəcəklər də. Batının dalında sürünməkdənsə, Şərqin önündə getməyiniz yaxşı olmazdımı?”. Açığını deyək, müasir türklər nə türk kimi türk, nə də avropalı kimi avropalıdırlar. Bir sözlə, avara məzhəb olublar. Müsəlman türkündən başqa, hər şeyə bənzəyirlər… İndiki cümhuriyyət türkləri, elə bil, dünənki Osmanlı türklərinin törəməsi deyil. Budur biz türklərin faciəsi! Bir sözlə, çəkiləsi dərd deyil…” (2004-cü ilin 7 noyabrında İ.Əbilova göndərdiyi məktubdan).
Dərin hörmətlə və sevgi ilə anırıq…