Yunanıstan parlamenti Azərbaycan qazı ilə bağlı sazişi təsdiqlədi
“İNFONEWS” xəbər verir.
Yunanıstan parlamenti Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) tikintisinə icazə verən qanun layihəsini ratifikasiya edib.
IGB qaz boru kəmərinin Yunanıstanın Komotini bölgəsindəki və Bolqarıstanın cənubundakı Stara Zagora bölgəsindəki çıxış nöqtələri Yunanıstan və Bolqarıstan milli təbii qaz sistemləri arasında birbaşa əlaqə yaradır.
Sazişə qaz kəmərinin çəkilişi və layihə başa çatdıqdan sonra qazın nəqli üçün qarşılıqlı öhdəliklər, eləcə də, layihənin vergi statusu və mənfəətin bölüşdürülməsi ilə bağlı məsələlər də daxil edilib.
Bildirilib ki, IGB qaz kəmərinin uzunluğu 182 kilometrdir, bunun 151 kilometri Bolqarıstandan, 31 kilometri isə Yunanıstandan keçir.
Yunanıstanın Energetika naziri Kostas Skrekasın sözlərinə görə, layihənın 52 faizi icra olunub. Onun 2021-ci ilin sonuna qədər tamamlanması gözlənilir.
Qeyd edək ki, Yunanıstan-Bolqarıstan interkonnektoru Azərbaycanın “Şahdəniz-2” yatağından hasil ediləcək təbii qazı Bolqarıstana çatdıracaq.
185 kilometrlik boru kəməri Yunanıstandan Bolqarıstana ildə təxminən 3 milyard kubmetr təbii qaz nəqli qabiliyyətinə malikdir və gələcək bazar tələbatına əsasən bu həcmin illik 5 milyard kubmetrə çatdırılması imkanı var.
2013-cü ilin sentyabrında “Bulgargaz EAD” “Şahdəniz-2” çərçivəsində ildə 1 milyard kubmetr qazın alışı ilə bağlı 25 illik saziş imzalayıb. Bununla da, Azərbaycan qazı Bolqarıstanın istehlakının 1/4 hissəsini ödəyəcək.