Xalq artisti ağır yol qəzasından sonra ilk dəfə paylaşım etdi
Martın 22-si əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin ölümü ilə nəticələnən qəzada yaralanan Xalq artisti Mehriban Zəki hadisədən sonra ilk dəfə paylaşım edib.
“İNFONEWS” xəbər verir ki, M.Zəki Oqtay Əliyev barədə xatirələrini bölüşüb:
“İlk tanıdığım gündən hər zaman bütün problemlərin həllini tapar, xəstələnəndə belə problem yoxdur keçib gedəcək deyər, insanları yalnız gülərüz görmək istər, hər zaman hamını süfrə başına yığar, həmin süfrəni şəxsən özü açmaqdan zövq alar, bütün arzularında İrəvana getmək istərdi.
Hər zaman hay-küylü, coşub daşan Oqtayın həmin an səsi belə çıxmadı. Bu dəfə Dilarə ilə mən qışqırırdıq: Oqtay… Oqtay… Oqtay… O isə susurdu. O susurdu, maşın çevrilirdi…
Bu sadəcə qəzavü-qədər idi.
Mən sağalacağam. Qolum da, qabırğalarım da bitəşəcək, üzüm də bərpa olacaq.
Dilarə də inşallah özünü toparlayar. O, çox güclü qadındır.
Amma Oqtay əbədi susacaq. Allah sizə rəhmət eləsin, Oqtay.
Martın 22 i belə yazıldı bizim üçün”.
Qeyd edək ki, Saray yolunda sözügedən qəzada xəsarət alan Dilarə Əliyevaya yerində ilkin tibbi yardım göstərilib, Mehriban Zəki xəstəxanada xüsusi nəzarət altında müalicəsini davam etdirir.