“Qırmızı Kitab”ın üçüncü nəşrində bir sıra yeniliklər öz əksini tapıb
“Qırmızı Kitab”ın üçüncü nəşrində nadir, nəsli kəsilmək təhlükəsi altında olan 241 fauna növü və 460 flora növü öz əksini tapıb.
“Qırmızı kitab” hər 10 ildən bir nəşr olunur. Sonuncu kitab 2013-cü ildə nəşr olunmuşdu. “Qırmızı kitab”ın üçüncü nəşri ilə bağlı işlər 2019-cu ildə müvafiq komissiyalar, redaksiya heyətlərinin və işçi qruplarının yaradılması ilə başlayıb. Bu kitab əvvəlkilərlə müqayisədə bir sıra yenilikləri ilə fərqlənir.
“İNFONEWS” xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov jurnalistlərə müsahibəsində deyib.
“Otuz ilə yaxın davam edən işğal nəticəsində fauna və flora növlərinin vəziyyəti haqqında məlumatımız yox idi. Bu “Qırmızı kitab”ın ən mühüm tərəflərindən biri odur ki, həmin nadir fauna və flora növləri haqqında məlumat verilib.
“Qırmızı kitabın” üçüncü nəşrində Naxçıvanın flora və faunası daha geniş təsvir edilib. Təbii ki, digər nəşrlərdə də Naxçıvanın təbiəti təsvir edilib. Yeni nəşrdə isə buna daha geniş yer verilib. “Qırmızı kitab”ın üçüncü nəşri Türkiyədə çapdan çıxıb. Kitabda əsas və çəhrayı olmaqla iki siyahı mövcuddur. Çəhrayı siyahının əsas siyahıdan fərqi ondadır ki, çəhrayı siyahıda olanlar hər hansı bir xüsusi mühafizəyə salınmır. Flora üzrə 50-dən çox, fauna üzrə 42 növ çəhrayı siyahıya əlavə olunub.