Fransada soydaşlarımız uğur hekayələrini gənclərlə bölüşüblər
Noyabrın 25-də Azərbaycan Respublikasının Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzində azərbaycanlı soydaşlarımızın xarici ölkələrdə təhsildə və iş həyatında əldə etdikləri uğurlar, karyera yüksəlişi mövzusunda görüş keçirilib.
“İNFONEWS” – a verilən məlumata görə, görüşün məqsədi Fransada nailiyyət qazanmış soydaşlarımızın uğur hekayələrini öz təqdimatlarında dinləmək və gəncləri narahat edən sualları cavablandırmaq, məsləhətləri ilə yardım göstərmək idi.
Görüş Paris-Est Créteil universitetində hüquq üzrə professor və Azərbaycan Arbitraj Assosiasiyasının prezidenti Kəmalə Mehdiyeva və Xarici əlaqələr və beynəlxalq tədbirlər üzrə mütəxəssis Aysel İsmayılovanın iştirakı, Lion şəhəri “ALİM” elmi assosiasiyasının rəhbəri, layihələrin idarə edilməsi üzrə mütəxəssis, iqtisad üzrə fəlsəfə doktoru Günel Səfərovanın moderatorluğu ilə, eləcə də Fransada təhsil alan universitet tələbələri və məzunlarının iştirakı ilə baş tutub.
Görüş çərçivəsində qonaqlar tərəfindən Fransada təhsil və karyera seçimini gerçəkləşdirmək istəyənlərə zəruri tövsiyələr, ilk əmək fəaliyyətinə başlarkən şirkət və müəssisə seçimi, bu istiqamətdə rastlaşıla bilən çətinlikləri necə dəf eləmək və digər mövzular geniş müzakirə edilib.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyi, Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) və “ALİM” Elmi Assosiasiyasının birgə təşkilatçılığı ilə ərsəyə gəlib.