Ukraynalı general: “Rusiya ordusu iki istiqamətdə fəal hücuma keçib”
Rusiya Ukraynanın Avdeyevski və Maryinski şəhərləri istiqamətində fəal hücum əməliyyatlarına başlayıb.
“İNFONEWS” xəbər verir ki, bu barədə Ukrayna ordusunun briqada generalı, “Tavriya” əməliyyat-strateji qoşunlar qrupunun komandanı Aleksandr Tarnavski Teleqramda yazıb.
O bildirib ki, qarşı tərəf kütləvi hücumlar zamanı zirehli texnika və təyyarələrdən istifadə edir: “İki gün əvvəl düşmən Avdeyevski və Maryinski istiqamətlərində zirehli texnikanın dəstəyi ilə irimiqyaslı hücum əməliyyatlarına başlayıb. Onlar aviasiyadan, həmçinin idarə olunan aviabombalardan fəal istifadə edirlər”.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyununda əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyü tam təmin olunmadan müharibə başa çatmayacaq. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. V.Zelenski əks-hücum əməliyyatının uğursuz olduğunu etiraf edib.