“Cavanlıq ömürün bahar çağıdı” – Nihat İSKƏNDƏRLİ
“İNFONEWS” gənc yazarların yaradıcılığını “BAHAR NƏĞMƏLƏRİ” rubrikasında təqdim edir.
Səksən beş yaşında bir qoca vardı.
Həyatdan küsmüşdü, gileylənirdi.
Bəzənsə tapırdı kiçik bir həvəs
Yaşamaq eşiqiylə, ürəklənirdi.
Qulağı səsdəydi gözü qapıda,
Qoca ah çəkirdi hər nəfəsində.
Yanına gələrdi qonum-qonşular,
Səsi doğma idi özgə kəsin də.
Qıvrılardı ağrı-acı içində
Körpə uşaq kimi bəslənirdi o.
Nə ata qalmışdı, nə də ki ana,
Bəs görəsən kimə səslənirdi o?
Hərdən danışardı xatirələrdən,
Sordular qocadan nədir cavanlıq?
Gəzdi gözləriylə bütün otağı
Divarda şəklinə baxdı bir anlıq.
Dərin nəfəs alıb söylədi qoca,
Cavanlıq ömürün bahar çağıdı.
Mən ömrümün qışına ilişdim, Allah!
Ruhumu al göyə apar, vaxtıdı!
Nihat İSKƏNDƏRLİ